Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.
APA-nın Avropa müxbiri xəbər verir ki, qurumun səhər keçən iclasında Komitə Ukraynada demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə layihəsini qəbul edib və sənəd AŞPA-nın sabahkı plenar iclasında müzakirəyə çıxarılacaq.
Sənəddə Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiya tərəfinin təklif etdiyi əlavə və dəyişikliklər isə qəbul olunmayıb.
Monitorinq Komitəsinin günün ikinci yarısında keçirilmiş toplantısında isə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının alınması, 2015-ci ilədək səsvermə hüquqlarının dondurulması və ya əlavə sanksiyalarla bağlı müzakirələr keçirilib.
Bu məsələ ilə bağlı xüsusi qətnamə layihəsi də qəbul olunub. Komitə Rusiya nümayəndə heyətinin qurum daxilindəki hüquqları və AŞPA-dakı iştirakı ilə bağlı müsbət qərar versə də, gələn ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun əlindən alınması haqda qərar qəbul edib.


Şərhlər