Dövlət Sosial Müafiə Fondunun sədri Elman Mehdiyev işdən çıxarılıb. Xəbəri azadliq.info-ya verən mənbənin sözlərinə görə, E.Mehdiyev özü işdən azad olunmasıyla bağlı ərizə verib.
Ancaq başqa mənbə onun işdə yol verdiyi nöqsanlara görə vəzifəsini itirdiyini deyir. Onu müvəqqəti olaraq müavini Zakir Babayev əvəz edir. Əslən naxçıvanlı olan Z.Babayevin bu vəzifəyə təyinat almaqda şanslarının daha böyük olduğu yayılan xəbərlər sırasındadır.
____
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən, Zakir Hadı oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri əlavə edib ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.
Dövlət başçısının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 24 iyun 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilib. Əsasnamənin 5.2-ci maddəsinə əsasən, Fonda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fondun direktoru rəhbərlik edir.


Şərhlər