Elə edin ki, Günəş batmasın

XeyberXeybər Göyyallı

Fransada yenə terror oldu.Yenə müsəlmanlarla bağlanıldı. Səbəbini araşdıracaqlar. Ancaq terrorun törədilməsinin əsl səbəblərindən çox yan keçəcəklər. Avropa Birliyininin ideoloqu və qurucusu olan qos-qoca Fransa 21-ci əsrdə apardığı daxili və xarici siyasətə əsla diqqət yetirməyəcəkdir.Bu məqamda çox adi görünən və olduqca sadə səslənən bir sual verək: Avropada bir xeyli ölkə var, niyə məhz Fransada vaxtaşırı terror aktları təkrarlanır?

Bilinən və görünən səbəb çox aydındır. Fransada islam dininə qarşı çox aqressiv bir piar aparılır. Elə bu aqressiv piarın nəticəsidir ki, adını belə unutduğumuz bir karikatura jurnalında İslam Peyğəmbərinin karikaturası verilir. Bütün dünyaya mədəniyyət dərsi keçən fransız xalqı isə bu mənzərini seyr edir. Əslində, dünyaya möhtəşəm bir mədəniyyət bəxş etmiş fransız xalqı vaxtında bu insanlıqdan uzaq hərəkətlərə fəal formada və nümayişkaranə bir şəkildə etiraz etməli idi. Müsəlman dünyası bu nümunəni görmədi. İslam aləmi belə bir aksiyanın şahidi olmadı. Bu məqamda onu da bəyan edirəm ki, avropalıların bəyənmədikləri İslam dünyasında bu günə qədər heç bir dinə,onun peyğəmbərinə qarşı qeyri-insani bir hərəkət edilməyib. Çünki İslam dinin özü belə qeyri-insani hərəkətləri insanlara yasaq edib.

Bu gün bütün müsəlman dünyasının ziyalı kəsimi, tərəqqipərvər və işıqlı insanları birmənalı şəkildə terrorun əleyhinədirlər. Terror deyilən nəsnənin İslam dünyası ilə əsla bağlılığı yoxdur.Terror sözü mənşəcə Qərblə, cihad isə Şərqlə bağlıdır. Cihad sözünün yaradıcısı ərəblərdir. Terror sözü isə dolayısı ilə Avropa xalqları ilə ilgilidir. Cihad cəhd etmək, səy etmək, terror isə qorxu, vahimə mənasını verir. Dedik ki, terror bir istilah kimi bilvasitə Qərblə əlaqəlidir.Tarixçilərin araşdırmalarına görə, eramızın 1-ci əsrində Roma imperiyasının işğalına qarşı İsrail əhalisi terror mübarizəsi aparmışdır.

Avropalılar bu gün, bəlkə də, bilərəkdən cihad sözünü terror istilahının qarşılığı kimi işlədirlər. Çox güman ki, bunu da məqsədli şəkildə edirlər.Onlar bununla İslam dinini nüfuzdan salmaq istəyirlər. Cihad İslam dinin mənəvi dəyərlərindəndir, o, özgə bir şeydir. Hər bir insanın bu dünyada bir cihad etmək haqqı vardır. Hər bir insan öz şəxsi dəyərləri , yaşadığı yurdu və dini uğrunda mübarizə aparmaq və döyüşmək haqqına sahibdir.

Bu gün dünyada cihad yoxdur. Çox təəssüflər olsun ki, bu gün dünyada bir terror var.

İndi başqa postulat üzərində dayanaq. Bütün dünya liderləri hamısı bir ağızdan deyirlər: terrorun milliyyəti, dini və dili yoxdur. Bu ideoloji alt qat və bəşəri dəyər kimi çox yüksək qiymətləndirilməlidir. Çox təəssüflər ki, dünya liderlərinin əksərinin vaxtaşırı səsləndirdikləri bu bəşəri dəyərlər siyasət müstəvisində yoxdur. Deyəsən, siyasətdə sözlə əməl arasında yeri gələndə hər cür lazımi işarə qoyulur. Necə ki. Napoleon dövründə daxili işlər naziri olmuş Jozef Fuşe siyasətin əsl mahiyyətini açmışdır.Fuşe deyib ki, dil insana ona görə verilib ki, fikrini gizlətsin. Yəni, edəcəyini yox, etməyəcəyini dilə gətirirsən. Bu gün dünya liderləri eyni cür danışırlar, ancaq çox fərqli hərəkətlər edirlər.

Terroru əhali –səlahiyyəti və maliyyə vəsaiti olmayan sadə insanlar deyil, ayrı-ayrı dövlətlər dəstəkləyirlər. Bu gün ən dəhşətli terrora müsəlman ölkələri məruz qalıblar.Türkiyəni hər gün gün terrora məruz qoyan PKK-nın , Suriya və İraqı qan gölməçəsinə çevirən terror təşkilatlarının silah-sursatı və maliyyəsi şəxsi evlərdən yox, hansısa dövlətdən gəlir.Terroru maliyyələşdirənlərin çox məqsədləri var.Onların mənfur məqsədlərinin bəziləri görünür: İslam dinini qondarma məzhəblər yaratmaqla içəridən parçalamaq, insanları bir-birinə qırdırmaqla müsəlmanların sayını azaltmaq, iri müsəlman dövlətlərini parçalamaqla onların ərazisində kiçik dövlətlər yaratmaq və s.Bütün bunlar hamısı sonda “parçala və hökm sür “ siyasətini həyata keçirməyə xidmət edir.

Dünyanın nizamını Qərbin bəzi liderlərinin insanlıqdan uzaq olan məkrli əməlləri pozubdur. Dünyada bu gün baş verən bütün bəlalardan xilas olmağın yeganə bir çıxış yolu var: Qərb Şərqin işinə qarışmasın. Hər kəs öz yerində dayansın.Necə ki, Günəş Şəqddən çıxır, Qərbdə batır.Qərb elə etməlidir ki, bu dünyanın GÜNƏŞİ batmasın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar