Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının bu gün keçirilən iclasında səsvermə hüququndan məhrum edilib.
APA-nın Avropa müxbiri xəbər verir ki, qərar 2014-cü ilin sonuna qədər qüvvədə olacaq.
Musavat. com-un məlumatına görə, sessiyada öncə Rusiyanın AŞPA-dan çıxarılması məsələsi səsverməyə qoyulub. Qərarın lehinə yalnız 55 ölkə səs verib. Daha sonra isə Rusiyanın səsvermə hüququndan məhrumedilməsi məsələsi gündəliyə çıxarılıb və 145 ölkənin razılığı ilə qərar qəbul olunub. Qərar eyni zamanda Krımın işğalını dəstəklədiklərinə görə Rusiyanın AŞPA-dakı təmsilçilərinin 2014-cü ilin sonuna qədər qurumun rəhbər vəzifələrində təmsilçilikdən məhrum edilməsini də nəzərdə tutur.
Rusiya nümayəndə heyəti nə müzakirələr, nə də səsvermə zamanı toplantı salonuna daxil olmayaraq sessiyası boykot edib. Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin sədri, Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov media mənsublarına açıqlamasında bildirib ki, nümayəndə heyəti Rusiyanın AŞPA-dakı səlahiyyətlərinə baxılması məsələsini siyasi komediya saydığı üçün müzakirələrə qatılmayıb: “Bu siyasi tamaşada yer almaq mənasızdır. Əgər onlar inkvizitor rolunu oynamağa hazırlaşırsa, buyursunlar. İndi biz Rusiyanın AŞPA-da qalıb-qalmaması məsələsini müzakirə edirik. Çox güman, ən qısa zamanda Rusiya Federasiyası bu haqda qərar verəcək. AŞPA-nın bizim səlahiyyətlərimizin məhdudlaşdırılması ilə bağlı bu gün verdiyi qərar Rusiyanın AŞPA ilə münasibətlərini kəsməsi üçün tutarlı səbəbdir”.
Ermənistanın AŞPA-dakı nümayəndə heyəti hər zaman olduğu kimi bu dəfə də Rusiyanın mövqeyini dəstəkləyib.
AŞPA-nın Avstriyadan olan deputatı Ştefan Şennah deyib ki, bu qurumun Rusiyaya tətbiq etdiyi müvəqqəti sanksiyadır, əgər Rusiya Krımın işğalını davam etdirsə, bu məsələyə yanvarda yenidən baxılacaq, Rusiyanın səsvermə hüququndan məhrumedilmə müddəti uzadıla bilər”.

Sessiyada çıxış edən Ukrayna nümayəndə heyətinin rəhbəri İvan Popesku dünya birliyini Krımda keçirilən saxta referendum və Kremlin Ukrayna ərazisini işğal qərarına sərt münasibət bildirməyə çağırıb: 
Norveçdən olan deputat İnherd Şou ölkəsinin Krımın işğalını sərt tənqid etməsinə baxmayaraq Rusiya nümayəndə heyətinin AŞPA-dan çıxarılmasına qarşı olduğunu deyib: “Bunu etmək olmaz. Rusiyanın çoxtərəfli mexanizmlərdən çıxarılması problemin çözüm yolu deyil. Ancaq biz beynəlxalq hüquq normaları bu şəkildə tapdanarkən susa bilmərik”.
Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri çıxışlarında Rusiyanın işğalçı siyasətindən danışarkən Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı, Azərbaycanın da təcavüz və işğala məruz qaldığını vurğulayıblar. Bu haqda APA məlumat yayıb. APA-ya açıqlama verən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasını ikili standartların tətbiqində, məntiqsizlikdə ittiham edib: “Mən burada həmişə demişəm və indi yenidən ikili standartlardan yanaşmanı görürəm.Azərbaycanın 20 faiz ərazisi 20 ildir Ermənistan tərəfindən işğal altındadır və biz Avropa Şurasına üzv olduğumuzdan bu yana hər dəfə bu məsələni qaldırmışıq, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Ancaq bizim sözümüzə fikir verən olmadı. İndi Rusiyaya qarşı sanksiya tətbiq etmək istəyirik, bəs necə olur ki Avropa Şurasında bir üzv ölkə digər üzv ölkənin ərazilərini 20 ildir ki, işğal edir, amma təşkilat bu illər ərzində heç sanksiya haqda eşitmək belə istəmir. Əgər biz Avropada, təşkilatımızda dəyərləri qoruyub saxlamaq istəyiriksə, daha əvvəllərə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtlara getməliyik və əvvəl bu işğalçı siyasətə qarşı sanksiyalar tətbiq etməliyik”.


Şərhlər