Menu

MSK məhkəməni saymır

11.04.2014, 15:30
MSK məhkəməni saymır

Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatlarının Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsini, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olmasının qanuna zidd olduğundan bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün üç dəfə MSK-ya müraciət etmişdi. MSK “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə uyğun olaraq, ona edilmiş müraciətlərə 1 ay müddətində cavab verməli olduğu halda bu məktublara cavab verməkdən imtina edib. Buna görə də İ.İsmayılov MSK-ya göndərdiyi üç sorğusuna cavab verilməsi üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun üzərinə öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədalət Partiyasının sədrinin iddia ərizəsinə ilk baxış aprelin 10-na təyin edilsə də məhkəmə baş tutmayıb. Məhkəmədə Ədalət Partiyasının sədrini vəkil Adil İsmayılov və Sadiq Əfəndiyev təmsil edir. Lakin MSK-nın səlahiyyətli şəxsi və ya vəkil edilmiş nümayəndəsi məhkəməyə gəlmədiyindən proses aprelin 20-dək təxirə salınıb. Hətta hakimin yazılı şəkildə MSK-ya göndərdiyi sərəncamına rəğmən bu qurum ona qarşı irəli sürülən iddialarla bağlı cavab da təqdim etməyib. Belə görünür ki, artıq MSK məhkəməni də saymır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol