Xəbər yenilənir, ən son məlumatlar yazının əvvəlindədir
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.
* * *
“Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda yaralanan şəxslərdən biri Bakıya gətirilib”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, yaralı Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib: “Hazırda Şirvan Mərkəzi Şəhər Xəstəxanasında 7 nəfər yaralı var. Onlardan 3-ü yaxın saatlarda evə buraxılacaq. İki nəfərin isə bu axşam evə buraxılması gözlənilir”.
* * *
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb. Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində ”Araz” zavodunun iki əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı Nuriyeva dünyasını dəyişib.
Cəsədlər Şirvan Mərkəzi Xəstəxanasının morquna gətirilib.
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.
***
Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib. Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.
* * *
Müdafiə Sənayesi Nazirliyi Şirvan ”Araz” zavodunda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
Çəlumatda bildirilib ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.
“Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.
Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hazırda hadisə yerindədir.
Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək”, - nazirlikdən bildirilib.
* * *
Fövqəladə Hallar Nazirliyi (FHN) Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş verən partlayışla əlaqədar rəsmi məlumat yayıb.
FHN-in mətbuat xidmətindən bildirilib ki, 26 iyul 2016-cı il tarixində saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb. Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir. Əlavə məlumat veriləcək.
* * *
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub.
Bu barədə “Report”un bölgə müxbirinə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
* * *
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər yaralı gətirilib.
Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.
Yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evı buraxılıb.
Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan “Təcili yardım” maşınlarının hərəkətində ciddi problem yaranıb.
* * *
Şirvanda silah zavodunda partlayışlar davam edir.
Yerli sakinlərin verdiyi məlumata görə, şəhərdə hələ də güclü partlayış səsləri eşidilir.
* * *
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.
Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək.
Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın.
* * *
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda bu gün təxminən 15:00 radələrində güclü partlayış olub. Bu barədə "AzPolitika"ya Şirvan şəhərinin sakinlərindən məlumat daxil olub.
Məlumatda bildirilir ki, partlayışlar indi də davam edir, hadisə nəticəsində ölən və yaralananlar var. Partlayış nəticəsində yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerindədir.
Əldə etdiyimiz məlumatlara görə, hazırda 5 saylı Klinik Xəstəxananın Yanıq Şöbəsində yaralıların qarşılanması üçün hazırlıqlar görülür.
Artıq sosial şəbəkələrdə hadisənin əks olunduğu videokadrlar da yayılıb.


Şərhlər