Ukraynanın Slavyansk şəhərində atışma gedir, ölən var. Ukraynanın daxili işlər nazir Arsen Avakov bəyan edib ki, Slavyansk şəhərində keçirilən əməliyyat zamanı hər iki tərəfddən ölənlər və yaralananlar var. Güc strukturlarından Təhlükəsizlik Xidmətinin zabiti həlak olub, Təhlükəsizlik Xidmətinin antiterror mərkəzinin rəhbəri və daha dörd nəfər yaralanıb. Separatçılar tərəfdən ölən və yaralananların sayı məlum deyil.
Aprelin 13-də Xarkov şəhərində də Ukraynanın bütövlüyü tərəfdarları ilə Rusiyapərəst separatçılar arasında toqquşma baş verib. Separatçılar Şevçenkonun abidəsi yaxınlığında mitinq keçirən "Avromaydançılara" dəyənək və səs bombaları ilə hücum ediblər. Mitinqçilərdən bir neçəsi xəsarət alıb.
Dnepropetrovsk vilayətinin şimal, cənub və şərq istiqamətlərindən giriş-çıxışlarında isə 9 önləyici post qurulub. Vilayətin Milli Müdafiə Qərargahının rəhbəri Yuriy Bereza UNİAN-a bildirib ki, blok-postların qurulması Donetskdə yaşanan separatçı hərəkətlərlə bağlıdır. Onlar Rusiya təxribatçılarının Dnepropetrovsk vilayətinə də soxula biləcəyindən ehtiyat edirlər və bunun qarşısını almaq üçün tədbirlər görüblər.
Bereza deyib ki, psotlarda güc orqanlarının əməkdaşları və Milli Müdafiə Polkunun künüllüləri keşik çəkəcəklər.
“Bizim vilayətdə insanlar hamılıqla ayaqdadır, hər rayonda yüzlərlə üzvü olan özünümüdafiə dəstələri yaradılıb. Təcavüzkarlara, kimliklərindən asılı olmayaraq, layiqli cavab verməyə hazırıq”, - deyə Bereza əlavə edib.
------
Ukraynadakı mənbələr xəbər verir ki, Donetsk vilayətinin Slavyansk rayonu separatçılardan demək olar, tam azad olunub. Onların qurduğu blok-postlar dağıdılıb. Separatçıların rabitə əlaqəsi tutulub. Məlumata görə, separatçılar sıralarından ölənlərin olduğunu deyib və nə etməli olduqlarını soruşublar.
Ukraynanın Slavyansk şəhərində keçirilən antiterror əməliyyatında ilk tələfat var. Musavat.com xəbər verir ki, məlumatı UNİAN hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb. Məlumata görə, əməliyyat zamanı güd strukturlarının bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.



“Slavyanskda antiterror əməliyyatı başladı. Əməliyyata Təhlükəsizlik Xidməti İdarəsinin antiterror mərkəzi rəhbərlik edir. Ölkənin bütün güc strukturlarından qüvvələr cəlb edilib”, - Arsen Avakov yazıb.
Donetsk vilayətinin Slavyansk şəhərində milis şöbəsi rusiyameyllilər tərəfindən ələ keçirilib, mobil rabitə qüllələri məhv edilib, Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası mühasirəyə alınıb.
Ukrayna Daxili İşlər Nazirliyi bəyan edib ki, milis şöbəsinin ələ keçirilməsində məqsəd silah əldə etmək olub.


Şərhlər