AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-dan olan və indiyə qədər təyyarədən 18 min dəfə tullanmış peşəkar skaydayver Lyük Eykins daha bir dəfə tullanmağa hazırlaşırdı. Amma bu dəfə - paraşütsüz! Bu ekstremalda nə paraşüt, nə də digər köməkçi alətlər olmayacaqdı. Bu barədə «Associated Press» agentliyi məlumat yayıb.
Eykins ilk dəfə 12 yaşında olarkən təyyarədən tullanıb. Hazırda onun 42 yaşı var. Ötən müddət ərzində o, bir neçə dünyaca məşhur skaydayver yetişdirə bilib və hətta «Dəmir adam 3» filmində də çəkilib. Bir neçə il bundan əvvəl isə Hollivuddan olan və kaskadyorlar barədə realiti-şou biznesinə girişməyi planlaşdıran iki cavn oğlan ona yeni bir ideyə təklif edib - təyyarədən paraşütsüz tullanmaq!
Əvvəlcə Lyük və həyat yoldaşı bu təklifi rədd edib. «Yox, onlar məni buna məcbur edə bilməycəklər. Biz, hər kimiz onlara güldük də» - deyə, Eykins xatırlayır. Buna baxmayaraq, həmin ideya paraşütçünü rahat buraxmayıb. Öz uzun karyerası boyunca Eykins dəfələrlə çətin vəziyyətdə üzləşib: elə hallar olub ki, hətta onun əsas paraşütü digərləri ilə dolaşıb. Ehtiyat paraşütü isə o, təxminən 30 dəfə işə salmalı olub. Bu isə hər il 800 dəfə təyyarədən tullanan adam üçün elə də pis nəticə deyil.
Davamsız düşüncələrdən sonra Eykins çıxış yolu tapıb - paraşütsüz tullanıb da əzilməmək üçün o, iki tikinti kranının qülləsindən möhkəm materialdan hazırlanmış tor asmaq və yuxarıdan torun üsütünə tullanmaq qərarına gəlib! Torun sahəsinin təxminən, futbol meydançasının 1/3 qədər olacağı nəzərdə tutulub. Tor, 20 mərtəbəli bina hündürlüyündən asılacaqdı ki, Lyük onun üstündə rahat yavaşıya bilsin. Axı o, 7,6 kilometr hündürlükdən tullanacaqdı.
Məsələnin texniki mürəkkəbliyi ondan ibarətdir ki, gərək torun dartılma dərəcəsi Eykinsin yerə enməsini komfortla təmin edə bilsin, amma eyni zamanda elə də güclü olmasın və onu kənara tullamasın. Torun sınağı ümumiyyətlə, uğurla başa çatıb - 91 kilo çəkisi olan bir manekenin əzilməsi nəzərə alınmasa...
«Mənim üçün bu, heç nəyin mümkünsüz olmadığını sübut etmək istiqamətində bir sınaqdır» - deyə, ekstremal qeyd edib və təyyarədən paraşütsüz tullanmaq niyyətini həyata keçirib. O, 7620 metr hündürlükdən tullanıb və yerə uğurlu eniş etməyə nail olub. 2 dəqiqə çəkən tullanış zamanı Eykins saatda 193 kilimetr sürətə çatıb. Bu təhlükəli atlayış Fox News telekanalı vasitəsilə canlı yayımlanıb.



Şərhlər