Fərrux Məmmədov: “Avropanın enerji təlabatına yüksək ehtiyacı olduğu bir dövr baslayır”
NATO Əməkdaşlıq İnstitutunun Prezidenti Fərrux Məmmədovun müsahibəsi
- Bir sıra ekspertlər hesab edir ki, Azərbaycan NATO və Qərb üçün Ukrayna hadisələrindən sonra böyük əhəmiyyət kəsb etməyə başlayıb. Sizcə bu fikir nə qədər doğrudur?
- Bilmənizi istəyirəm ki, Azərbaycan coğrafi mövqeyinə və yerləşdiyi geopolitik məkanın (Şərq-Qərb qapısı) əhəmiyyətinə görə hər zaman Qərb, Avropa və NATO üçün önəmli olub. Hesab edirəm ki, bunu sırf Ukrayna hadisələri ilə əlaqələndirmək bir az yanlış olardı. Əlbətdə ki, 2008-ci ilin avqust və 2014-cü ildəki Krım hadisələri ölkəmizin əhəmiyyətini bir qədər artırdı. Lakin Azərbaycan Avropa üçün həmişə enerji resurslarına malik olan ölkələrdən biri olub və olacaq. Hətta, Azərbaycan Avropa enerji təhlükəsizliyində əsas rol oynamaq niyyətindədir. Baxmayaraq ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe bu missiyanı həyata keçirməkdə çətinliklər yaradır, Avropanın da Azərbaycana böyük ehtiyacı var. Hesab edirəm ki, bu təqdirdə Azərbaycan bir neçə şərtləri gözə almalıdır. Birincisi, Azərbaycan yaranmış vəziyyətdən səmərəli şəkildə yararlanmalıdır. İkincisi isə, Avropanın enerji təhlükəsizliyində Qərblə sıx əməkdaşlıq edərsə, o zaman yaxın gələcəkdə Cənubi Qafqazda siyasi vəziyyətin dəyişəcəyini görə bilərik.
- Nəzərə alsaq ki, hazırda Çin və Rusiya ABŞ-a qarşı iqtisadi güclərini birləşdirib, sizcə NATO ABŞ ətrafında cərəyan edən iqtisadi vəziyyəti necə qiymətləndirmək niyyətindədir?
- Düzdür Rusiya və Çin müttəfiqdirlər. Suriya məsələsində Rusiya və Çinin birgə addım atması vətəndaş müharibəsinin daha da alovlanmasına səbəb oldu. Bu gün Suriya da baş verənlərdə və vətəndaş müharibəsinin davam etməsində birbaşa əli olan yenə də Rusiyadır. Lakin Rusiya və Çinin iqtisadi cəhətdən Qərbə qarşı birləşməsi məsələsi hələ ki, tam real görünmür. Çin Rusiyadan fərqli olaraq, inkişaf xətti tutub. Bu dövlətlər nə qədər müttəfiq olsalar da, dövlətlərin maraqları çərçivəsində fikir ayrılıqları mövcuddur. Buna misal olaraq, Ukrayna məsələsində Çinin atmış olduğu addımları göstərə bilərəm. Rusiya apardığı işğalçılıq siyasəti ilə əslində özünü beynəlxalq birlikdən təcrid edir və sonu ağır nəticələrə gətirib cixaracaq bir yol tutub. Bu yolda Çinin onunla birgə addım atacağına inanmıram. Çin beynəlxaq birliyin qəbul etdiyi qaydalara uygun olaraq hərəkət edir. Sonu məğlubiyyətə gedəcək bir oyunda Çin yer almaz. Amerika və Avropanın iqtisadi vəziyyətinə gəlincə isə, bunu deyə bilərəm ki, Avropa və ABŞ-ın iqtisadi və siyasi resursları hazırda aprılan siyasəti mütəmadi olaraq davam etdirməyə imkan verir.
- Azərbaycan NATO, ABŞ və Aİ-yə qarşı Rusiya ilə eyni mövqedən çıxış etmədi. Əksinə, Avropanın qaz təchizatı üçün İranla əməkdaşlıq etməyə qərar verdi. Sizcə bu durumu adı çəkilən birliklər Azərbaycana münasibətdə yüksək qiymətləndirəcəklərmi?
- Avropanın enerji təlabatına yüksək ehtiyacı olduğu bir dövrdür. Təbii ki, yenə Azərbaycan Avropanın enerji ehtiyacında önəmli rol oynayacaqdır. Artıq Cənub axını reallaşamağa başlayır. Lakin Azərbaycan Avropanın bütünlükdə enerji təhlükəsizliyində tək rol oynama gücünə malik deyil. Bunun üçün də digər ölkələrin təbii ehtiyyatlarının Azərbaycan vasitəsi ilə Avropaya çatdırılması vacib məsələdir. Avropa enerji təhlükəsizliyində Azərbaycanın İranla əməkdaşlıq etməsi məsələsinə gəlincə isə, bunu söyləyə bilərəm ki, Qərb və Avropa İranla istənilən əməkdaşlığı müsbət qarşılayır. Lakin İranın nüvə silahına sahib olma siyasəti yürütməsi ona qarşı ciddi sanksiyaların tətbiqinə səbəb olmuşdu. İran da inkişaf etmək ücün beynəlxalq birliklə tərəfdaş olmağın önəmli olduğunun fərqindədir. Əgər tərəfdaşlıqda İran səmimiyyət nümayiş etdirərsə, bu onun üçün tarixi bir şans hesab edilə bilər!


Şərhlər