«HAQQIMIZI ARAZ AĞALAROVUN YEDİYİNƏ İNANMIRIQ...» - “Üçlüyün” növbəti qurbanları

Haqqı tapdanan 62 səhmdarın ƏMDK-ya qarşı iddiası üzrə məhkəmə başlayır: “Trikotaj” ASC-ni kim ələ keçirib?

Troyka-Kollaj

Azərbaycanda dövlət əmlakının "özəlləşdirmə" adı altında bir qrup tərəfindən mənimsənildiyi barədə çox yazılıb. Uzun illər boyu milyonlarla insanın zəhməti hesabına yaradılan zavodların, fabriklərin, müxtəlif təyinatlı obyektlərin sözügedən kiçik bir qrup tərəfindən ələ keçirildiyi heç kimə sirr deyil. Hansı ki, bu talan prosesinin nəticəsində həmin qrup Azərbaycan iqtisadiyyatının faktiki sahibinə, milyonlarla insan isə alacağı əməkhaqqından başqa gəliri olmayan muzdlu işçiyə çevrilib.

Kərəm Həsənov və komandası milyonlarla insanı öz əmlak payından məhrum edib!

KeremBunun baş verməsinin əsas günahkarları təbii ki, özəlləşdirmə prosesinə rəhbərlik edən şəxslərdir. Burda da ən böyük məsuliyyəti isə heç şübhəsiz Əmlak Məsələləri Dövlət Komitəısinin (ƏMDK) rəhbərliyinin - 2001-ci ildən özəlləşdirmənin başında dayanan, böyük özəlləşdirməyə birbaşa rəhbərlik edən Kərəm Həsənovun və onun yaxın ətrafının üzərinə düşür. Söhbət ƏMDK-nın rəhbərliyindəki məşhur "üçlük"dən - Kərəm Həsənov və müavinləri Rüstəm Şahbazovla Rafiq Cəlilovdan gedir. Özəlləşdirmənin "qurbanları" da əsasən bu şəxslərdən narazılıq edir, onları ittiham edirlər. Çünki məhz onların həyata keçirdiyi naqis siyasət nəticəsində milyonlarla insan öz əmlak payından məhrum olub.

Ötən 20 il ərzində keçirilən ixtisaslaşdırılmış çek hərracları və pullu hərraclar zamanı yaradılan süni maneələr nəticəsində 9,5 milyon əhalinin heç 1%-i belə özəlləşdirmə proqramında iştirak etməyib. Təsadüfi deyil ki, vur-tut təxminən 10 minə yaxın adam əmək kollektivinə düşən 15%-lik payın 1-2%-ni əldə edib. Cinayətkarcasıına qoyulan qeyri-qanuni qadağalar Azərbaycan vətəndaşlarına hətta ailə üzvlərinə düşən özəlləşdirmə paylarından belə istifadə edərək, səhm sahibinə çevrilməyə imkan verməyib.

Kiçik payı olan minoritar səhmdarlar müxtəlif hiylələrlə sıradan çıxarılır!

Ancaq daha acınacaqlı hal ondan ibarətdir ki, bütün bu maneələri aşaraq, çek hərraclarındakı bürokratik əngəllərə sinə gərərək öz paylarından səmərəli istifadə etməyə nail olan azsaylı vətəndaşların səhmləri də bu gün müxtəlif hiylələrlə dəyərindən qat-qat aşağı qiymətə əllərindən çıxarılır.

Özəlləşən dövlət mülkiyyətlərinin böyük əksəriyyəti iri məmurların nəzarətinə keçdiyindən, onlar kiçik payı olan minoritar səhmdarları ya inzibati yollarla, ya da açıq şəkildə iqtisadi cinayətkarlığa yol verərək, sıradan çıxarırlar.

Məhz azsaylı minoritar səhmdarları heç bir əmlak payı olmayan müzdlu işçiyə çevirmək üçün ya müəssisənin gəlirləri gizlədilir, ya da müəssisənin fəaliyyəti iflic vəziyyətə salınır.

Özəlləşən dövlət mülkiyyətləri məmurların nəzarətinə keçdikdən sonra şəhərin mərkəzində yerləşən ASC-lərin ərazisində minoritar səhmdarlarla hesablaşmadan, yəni onlara çatası kompensasiyanı ödəmədən, yaşayış binaları, müxtəlif obyektlər inşa edənlər də az deyil. Majoritar səhmdarlar buna “əyri yollarla”, hüquqşünasların “əməyi nəticəsində” ləğvetmə qərarı qəbul edərək, ASC-ləri məhv edərək nail olurlar. Təbii ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) vəzifəli şəxslərinin "PAYINI" çatdırmaqla...

Elə buna görə də, bu günə kimi heç bir minoritar səhmdara istər sahibkarlar, istərsə də dövlət tərəfindən səhmdar cəmiyyətlərin ərazisində inşa olunan və kvadratı 1000-2000 manatdan yuxarı qiymətə satılan binaların satışından gələn gəlirdən 1 qəpik belə ödənilməyib.

Nəticədə səhmdar cəmiyyətlərə yatırdıqları sərmayələrin gəlirindən məhrum olan minoritar səhmdarlar, öz mülkiyyət hüquqlarını majoritar səhmdarlara dəyər-dəyməzinə satmaq məcburiyyətində qalırlar. Satmayıb müqavimət göstərənlərə, öz hüquqlarını tələb edənlərə isə nə Əmlak Məsələləri Dövlət Komitəsində, nə Vergilər Nazirliyində, nə də digər qurumlarda və hüquq-mühafizə orqanlarında kömək edən tapılır.

Halbuki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlliylə bağlı keçirdiyi son müşavirələrdə məmur özbaşınalıqlarını kəskin tənqid edib, vətəndaşların hüquqlarının pozulmasının bağışlanılmaz olduğunu bildirib.

ASC-lərin gəlirləri həm səhmdarlardan, həm də büdcədən gizlədilərək, mənimsənilir!

1i asc-lerÖlkə başçısı eyni zamanda özəlləşdirilən müəssisələrdən səmərəli istifadə edilməsinin vacibliyini vurğulayaraq, onların profilinin dəyişdirilməsini, əmlakının talan edilməsini "cinayətkar fəaliyyət" adlandırıb. İqtisadiyyatın canlanması üçün özəlləşdirilən müəssisələrin gəlirlə işləməsinin təmin olunmasının zəruri olduğunu bildirib.

Ancaq özəl cəmiyyətləri öz monopoliyasında saxlayan dövlət məmurları, onların himayəsində olan iri sahibkarlar ASC-lərin yerində “göydələn”lər inşa etdirməklə, özəl sektoru bərbad vəziyyətə salıblar. ƏMDK rəhbərliyi isə öz vəzifə borcunu yerinə yetirərək, nəinki buna maneə olur, hətta bir çox hallarda bu qanunsuzluğun başında məhz bu qurum dayanır...

Yada salaq ki, səhmlərinin 30%-i dövlətdə olan ASC-ləri əsasən ƏMDK-nin işçiləri idarə edirlər. Bu ASC-lərdən gələn gəlirlər isə tamamilə büdcədən və səhmdarlardan gizlədilir. Bunun üçün bəzən açıq saxtakarlığa gedilir.

Məsələn, ötən il səhmdarlardan birinin "AzPolitika.info"ya verdiyi məlumatda bildirilirdi ki, başda ƏMDK-nin sədri Kərəm Həsənov olmaqla, səhmdar cəmiyyətləri öz monopoliyasında saxlayan yüksək çinli dövlət məmurları, nəzarətlərində olan ASC-lərin illik hesabatını minoritar səhmdarlardan gizlətmək üçün, 40-dan çox ASC-nin səhmdarlarının ümumi yığıncağını iyun-iyul aylarında bir gündə, eyni saatda və müxtəlif məkanlarda keçiriblər.

"Məqsəd isə eynidir: saxta protokol tərtib edərək, etdikləri maxinasiyaları ört-basdır etmək! Əvəzində isə, VN-nin əməkdaşına 3-5 min arası rüşvət ödənilir. Bu yolla Kərəm Həsənov nəzarətində olan ASC-lərin ərazilərindən icarə hesabına götürdüyü gəlirləri də həm səhmdarlardan, həm də büdcədən öz əlaltıları vasitəsilə gizlədərək, mənimsəyir" - deyə səhmdar bildirirdi.

ƏMDK-nin rəhbər şəxsləri öz nəzarətlərində olan səhmdar cəmiyyətlərdə birbaşa bu cür qanunsuzluqlarla məşğul olduğundan, digər ASC-lərdə kiçik səhmdarların hüquqlarının pozulmasına da nəinki etiraz edirlər, hətta buna haqq qazandırmağa çalışırlar. Buna gərə də hüquqlarını sonadək qorumaq əzmində olan səhmdarların öz haqlarını məhkəmələrdə aramaqdan başqa çarələri qalmır.

Rafiq Cəlilovun məktubu: ƏMDK məsuliyyəti öz üzərindən atır

Elə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin bazasında yaradılan "Trikotaj” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarları da (Cəmi 62 nəfər-red) məhz bu üzdən məhkəmələrə üz tutmalı olublar.

Qeyd edək ki, sözügedən ASC-nin səhmdarlarının müxtəlif dövlət orqanlarına göndərilən müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun 06 aprel 2016-cı il tarixli cavabında da onlara məhkəməyə getmək təklif edilib: "Bununla əlaqədar bildiririk ki, ”Azərbaycan Respublikasında 1995–1998–ci illərdə dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı'na uyğun olaraq, ləğv edilmiş “Xalq üçün mallar“ Dövlət Konserninin tabeliyində olmuş N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin bazasında "Trikotaj” açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, müstəqil təsərrüfat subyekti olan "Trikotaj' açıq səhmdar cəmiyyəti ilə bağlı yaranmış hər hansı mübahisəli məsələlərə məhkəmə qaydasında baxıla bilər".

Qeyd edək ki, qanuna görə, hər bir səhmdar cəmiyyətin icra orqanı ötən ilin yekununa dair maliyyə-təsərrüfat fəaliyyəti barədə ildə bir dəfə cari ilin ilk 6 ayı ərzində səhmdarların illik ümumi yığıncağını çağırmalıdır və səhmdarlara hesabat verməlidir. Bu hesabatın düzgünlüyünə isə Əmlak Məsələləri Dövlət Komitəsi də nəzarət etməlidir. Bu baxımdan Rafiq Cəlilovun məktubunu daha çox məsuliyyəti öz üzərlərindən atmaq cəhdidir.

Kombinatdakı milyonlarla qiyməti olan avadanlıqlar talanıb!

Buna baxmayaraq hüquqları pozulan səhmdarlar onun məsləhətinə əməl edərək məhkəməyə müraciət ediblər. Ancaq cavabdeh kimi əvvəllər kombinatın direktoru, sonra isə "Trikotaj" ATSC-nin ləğvetmə komissiyasının sədri vəzifəsini daşıyan Fətəliyev Afıq Nəzir oğlunu, həmçinin "Trikotaj" ATSC-də vəzifədə işləyən Orucova Sevda Ağadin qızı və Orucova Xeyransa İsrafil qızı ilə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsinin də adını qeyd ediblər.

Pul tələbinə dair ərizələrində iddialarını aşağıdakı şəkildə əsaslandırıblar: "Bildiririk ki, 1997-ci ildən başlayaraq Bakının Nəsimi rayonunda yerləşən Nəriman Nərimanov adına toxuculuq kombinatı səhmdar cəmiyyətə çevrilməyə başladı.

30 mart 1998-ci il tarixdə işlədiyimiz həmin müəssisə özəlləşərək "Trikotaj" Açıq tipli Səhmdar Cəmiyyətinə (ATSC) çevrildi. Minlərlə işçisi olan bu müəssisədə işləyənlər öz səhmlərini qoymaqla, bir nöz müəssisənin sahibinə çevrildilər. Həmin vaxtdan biz, hər birinin nominal dəyəri 5000 manat olan bir səhmin payçıları olmaqla, həmin müəssisədə işlərimizi davam etdirdik.

Həmin müəssisə 2003-cü ilə qədər fəaliyyət göstərmiş, sonra isə fəaliyyətini dayandıraraq, satışa çıxarılmışdır. Müəssisə fəaliyyətini dayandırdıqdan sonra hər bir payçıya, o cümlədən də bizə Milli Depozit Mərkəzi tərəfindən depo hesabından çıxarışlar verilmişdir. Lakin kombinatın o zamankı direktoru Afiq Fətəliyev Əmlak Komitəsinin rəhbərliyi ilə birlikdə "Trikotaj" ATSC-yə çevrilən müəssisədən ancaq öz məqsədləri və mənafeləri üçün istifadə etməkdən savayı heç bir şey barədə fikriləşmirdilər.

1997-ci ildən başlayaraq, Kombinatın içindəki milyonlarla qiyməti olan avadanlıqlar Fətəliyev Afiq Nəsir oğlu tərəfindən satılaraq, mənimsənildi. Bütün bu hadisələr elə işçilərin gözləri önündə baş verirdi. Bu zamandan etibarən səhmdarlar ancaq eşitdilər ki, “Trikotaj” ATSC kimlərsə tərəfindən alınmışdır. Ancaq heç kim bu günə kimi bilmir ki, bu ATSC-ni kimlər və neçəyə almışlar".

ATSC-ni xəlvəti ləğv ediblər: yenə Rüstəm Şahbazov

Müraciətdə daha sonra bildirilir ki, 2008-ci ildə səhmdarlardan gizli şəkildə "Trikotaj" ATSC-ni ləğv ediblər. Maraqlıdır ki, burda da, ƏMDK ilə bağlı bütün qaranlıq işlərdə olduğu kimi, sədr müavini Rüstəm Şahbazovun adı hallanır:

"2008-ci ilin mart ayının 17-dən başlayaraq, bir qrup səhmdara xəlvəti şəkildə pul paylanması Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və "Trikotaj" ATSC-nin ləğvetmə komissiyasının sədri Fətəliyev Afıq Nəzir oğlu tərəfindən təşkil edildi. "Trikotaj" ATSC-də vəzifədə işləyən cavabdeh Orucova Sevda Ağadin qızı və cavabdeh Orucova Xeyransa İsrafil qızı 70 nəfərdən ibarət olan səhmdar dəstəsinə əvvəlcə 7–cı mikrorayonda fəaliyyət göstərən "Cıdır düzü" restoranında pul payladılar. Əgər pul verilirsə, deməli bu hamı üçün - bütün səhmdarlara aid olmalıdır. Qalan 62 səhmdar öz haqlarını almaq üçün adı çəkilən "Cıdır düzü" restoranına üz tutan zaman, artıq pulun paylanmasını başqa yerlərə keçirdilər. Beləliklə siçan-pişik oyunu başladı.

62 səhmdar öz haqqını tələb edir: məhkəmə nə deyəcək?

mehkeme-16Bu günə kimi 62 səhmdarın bir qismi düşən payın az miqdarını, qalanımız umümiyyətlə heç nə almamışıq. Hal-hazırda cavabdehlər bizə düşən payın müqabilində kompensasiya ödəməkdən boyun qaçırırlar. Buna görə də, nominal dəyəri 5000 manat olan bır səhmdən ibarət payımıza görə kompensasiyanın cavabdehlərdən alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətindəyik".

Səhmdarlar müraciətlərində ölkə Konstitusiyasının və Mülki-Prossesual Məcəllənin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmədən onlara cavabdehlərdən tutulmaqla, kompensasiya ödənilməsini xahiş ediblər:

"Xahiş edirik, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsindən, Orucova Xeyransa İsrafil qızından, Orucova Sevda Ağadin qızından və Fətəliyev Afiq Nəsir oğlundan hər birimizə 5000 (beş min) manat, cəmi 310.000 (üç yüz on min) manat məbləğində pulun alınıb bizə verilməsi barədə qətnamə çıxarasınız".

Qeyd edək ki, "Trikotaj" ASC-nin vaxtilə Rusiyada yaşayan iş adamı Araz Ağalarova satıldığı haqda məlumatlar var. Bu barədə şikayətçilər də öz müraciətlərində yazırlar. "Biz səhmdarlara bildirirlər ki, "Trikotaj" ASC Araz Ağalarov tərəfindən alınıb. Ancaq biz inanmırıq ki, bizim haqqımızı Araz Ağalarov mənimsəyib. Belə olsa 70 səhmdarın pulunu verib, 62-nin haqqını mənimsəməzdilər".

Bir başqa məlumata görə isə, çox qiymətli ərazidə yerləşən "Trikotaj" ASC vaxtilə Rusiyada fəaliyyət göstərən digər iş adamı İsgəndər Xəlilova satılıb.

2 gün sonra, avqustun 17-də başlayacaq məhkəmə prosesinin sonunda hansı qərarın veriləcəyini, əlbəttə, söyləmək çətindir. Azərbaycan reallığında belə işbazların məhkəmələri də pulla satın alması faktı yetərincədir.

Ancaq ümid edirik ki, bu dəfə səhmdarların hüquqlarını pozanlara, vətəndaşların kiçik həcmdə payına belə tamah salanlara "dur" deyən tapılacaq. Məhkəmə əmlak talançılarını deyil, az sayda xırda səhmdarın hüququnu müdafiə edəcək. Edəcəkmi, edə biləcəkmi, bunu yaxın günlərdə görəcəyik.

Prosesin nəticəsi barədə oxucularımızı məlumatlandıracağıq.

M.Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar