AH, QUBADLI... QUBADLI

XeyberXeybər GÖYYALLI

“Mən elə bilirdim sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla”.

Yazının epiqrafına çıxardığım bu misralar əslən Qubadlıdan olan, yaşadığımız eranın böyük şairi Ramiz Rövşənə məxsusdur. Düzdür, bu misralar birbaşa Qubadlı nisgilindən assosiasiya olunub qələmə alınmayıb. Amma indiki halıma çox uyğundur. Rayonların işğalı təqvimin vərəqində yad olunarkən bədahətən yadıma bu misralar düşdü. Əşhədü-billah, and içib qəşəm edərəm ki, Qubadlısız ölənlər çox olub və bu ölüm hələ də qatarından ayrılmış durna ölümü kimi təkəm-seyrək davam edir. Bakının, daha çox Sumqayıtın ümumxanalarına (yataqxana) zorla pərçim olunan qubadlılar Abşeron yarımadasının sərsəm rüzgarından, ətyandıran istisindən-bezdirici havasından usandıqca “Ah, Qubadlı! Ah, Qubadlı!” deyib dərindən ah çəkib, köks ötürürlər. Qubadlının havasına, suyuna əli çatmayanların ürəklərini infarkt vurdu, beyinlərini iflic. Qubadlını daha çox sevənlər bu dünyadan daha tez köç etdilər. Qubadlısız yaşamağı ömür-gün saymadılar. Əslində, Qubadlısız yaşaya bilmədiklərindən bu dünyaya əlvida dedilər.

Onu da səmimi deyim ki, Abşeronun odu (günəşi), suyu, torpağı və havası Qubadlıda doğulmuşlara (Qubadlı camaatı işğaldan sonra əsasən Sumqayıtda məskunlaşıblar) Qubadlının unudulmasına imkan vermir. Bu məqamda Azərbaycanın böyük ürfan şairi, bir müddət Qubadlı torpağında yaşamış Seyid Nigarinin Zəngəzur və Qarabağdan cəlayi-vətən olduqdan sonra qərar tutduğu Türkiyədən külli Qarabağı çox ruhsal bir formada vəsf etdyi aşağıdakı şeirini xatırlamamaq olmur:

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.

Rəşki-mişk-ənbər imiş buyi-qubari-Qarabağ,

Abi-heyvan imiş ənharü-pünari-Qarabağ.

Kövsərü-tuba imiş çayi-çinari-Qarabağ,

Aləmi-cənnət imiş dari-diyari-Qarabağ.

İndi bildim nə imiş vəsfi-həzari-Qarabağ,

Yeridir kim çəkərəm ahü-zarü-Qarabağ.

Dağlayıbdır bəni bir laləüzari-Qarabağ,

Yandırıbdır bəni bir nari-nigari-Qarabağ.

Zəngəzur və Qarabağ Azərbaycanın özəl bir məkanıdır. Qubadlı tarixin müxtəlif dönəmlərində bir inzibati ərazi vahidi kimi Zəngəzurun və Qarabağın tərkibinə daxil olub. Amma torpaq kimi məxsusi bir yerdir. Bu cümlələri yazarkən şərqşünas Əkrəm Şamxalovdan vaxtilə eşitdiyim bir maraqlı fikir yadıma düşdü. Nizami Gəncəvi irsinin dəyərli tədqiqatçılarından olan Əkrəm Şamxalov bir dəfə söhbət əsnasında bildirdi ki, yer üzünün qızıl xətləri (Tanrının əlini çəkdiyi məkanlar) Dəclə-Fərat və Kür–Araz çayları arasında qərar tutmuş torpaqlardan keçir. Mən sual etdim ki, bu orijinal fikir sizə məxsusdur, yoxsa iqtibasdır. Həmsöhbətim bildirdi ki, söylədiyi bu fikirlər qədim kitablardan gəlmədir. Mən də həmişə vurğulamışam ki, Azərbaycan Tanrının sevərək yaratdığı bir məkandır. Azərbaycanın ən müqəddəs məkanlarından biri Qarabağdır. O Qarabağ ki, ora Azərbaycan mədəniyyətinin beşiyidir. O Qarabağ ki, onsuz Azərbaycanı və onun mədəniyyətini təsəvvür etmək mümkün deyildir.

Yuxarıda qoşa (tandem) çayların –Dəclə-Fərat və Kür-Araz çaylarının adlarını təsadüfən çəkmədim. Dünyada sivilizasiyaların yaranmasına təkan vermiş belə qoşa çaylar çoxdur. Məsələn, Ob-Yenisey, Amudərya -Sırdərya, Hind-Qanq və s. Azərbaycanda isə bu tandemə ən gözəl nümunə Kür-Arazla yanaşı, Həkəri- Bərgüşad çaylarıdır. Bilənlər bilir Həkəri-Bərgüşadın suyunun dadını, suyundakı balığın dadını. Bu çayların suyunda əkilib-becərilən düyünün dadını.

Bir neçə il əvvəlin söhbətidir. Prokurorluq orqanlarında çalışan, əslən Qubadlıdan olan bir nəfər deyirdi ki, isti yay günlərinin birində güzarı Daşkəsənə düşüb. Dostları onu axar çayın qırağında təzə tutulmuş balıq kababına qonaq edirlər. İlk anda balığın rəngi-ruhunu Bərgüşadın balığına oxşadır, dadanda tamam ayrı şey olduğunu görür. Bu, belə də olmalıdır. Uca Tanrı özü bu dünyanı bilərəkdən rəngarəng yaradıb.

Azərbaycan coğrafiyasında hər bölgənin öz gözəlliyi, öz özəlliyi vardır. Qubadlı da Zəngəzur və Qarabağda sanki əlahiddə bir məkan idi. Bu da Tanrı payıdır. Çox fərqli coğarafiyası, özəl torpağı, gözəl havası və suyu vardır Qubadlının.

Əşhədü-billah, insanları da fərqli idi (İstərdim ki, dəyərli oxucular bu fikrimə görə məni təvazökarlıqdan uzaq qəbul etməsin). Səxavətli, mərd, mübariz.

1993-cü ildən bəri Qubadlının işğalı ilə bağlı bir neçə yazı yazmışam. Hər dəfə istəyimdən asılı olmayaraq yazıya kədərli notlar qatılıb. Axı yoxluq heç vaxt şən emosiya yarada bilməz.

Yoxluq – ayrılıqdır. Ayrılıq isə heç vaxt alqışlanmayıb. Qubadlı onu sevənlər üçün yoxdursa...

...Əfsuslar ki, yazının xəbərləri keçmiş zamanda oldu. Ancaq insanın özündən asılı olmayaraq içərisində daim bir ümid yaşayır. Bu ümid gələcəkdir. Keçmiş zaman xəbərləri ilə tarix yazılırsa, gələcək zaman xəbərləri isə insanı həyat işığına doğru aparır. Qubadlı ata-baba yurdumuz olduğundan biz ora qayıdacağıq .

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar