Əkinçiliklə məşğul olan bir qrup Beyləqan rayon sakini Prezident İlham Əliyevə, kənd təsərrüfatı naziri Heydər Əsədova, Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevə müraciət edərək, kömək istəyir.
Surəti "AzPolitika"ya daxil olan müraciətdə bildirilir: "Biz, əkinçiliklə məşğul olan bir qrup Beyləqan rayon sakinləri üzləşdiyimiz çətinliklə əlaqədar Sizə müraciət edirik. Cənab Prezident, sizin 2016-cı ilin aprel ayında birinci rübün yekunlarına dair müşavirədə ölkədə pambıq əkinçiliyini inkişaf etdirmək, əkin sahələrini genişləndirmək, pambıq əkən fermerlərə hər cür dəstək olmaq haqda verdiyiniz tövsiyə və tapşırıqlar bizi çox sevindirdi.
Nəhayət, Aran zonası üçün əkin növü olan pambıqçılığın genişlənməsi üçün, biz də əməli iş görmək qərarına gəldik. Beləki, biz, bir qrup Beyləqan sakini - Məmmədov Əlzamin Heydər oğlu 28 hektar, Bəyişov Azər Feruz oğlu 35 hektar, Heydərli Heydər Əlzamin oğlu 28 hektar, Mirzəyeva Qəmzə Hümbət qızı 32 hektar, Qurbanov Mübariz inşallah oğlu 20 hektar, İbrahimov Tahir Əli oğlu 30 hektar, Həsənov Mehman Nuru oğlu 32 hektar, İbrahimov Qələndər İbrahim oğlu 30 hektar pambıq əkmişik.
Bu məqsədlə 2016-cı ildən "Beyləqan KTİM" MMC kimi fəaliyyətə başlmış muəssisənin balansında olan əkin sahələrindən 235 hektar torpağı 11 ay müddətinə icarəyə götürmüşük. Muəssisə ilə icarə müqaviləsi bağlanıb və həmin müqaviləni yerli komissiyanın sədri olan icra nümayəndəliyi təsdiq edib.
Ancaq yerli komissiya bu gün bizim sənədlərimizi qəbul etmir ki, sizin sənədləriniz qaydasında deyil. Deyirlər ki, siz çox səhv edib pambıq əkmisiniz, sizə yanacaq və mühərrik yağlarına görə subsidiya düşmür.
Cənab Prezident, Sizdən xahiş edirik ki, bizə dövlət tərəfindən verilən yanacaq və mühərrik yağlarına görə, subsidiyanin verilməsində köməklik göstərəsiniz".


Şərhlər