Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı NİDA Vətəndaş Hərəkatının üzvlərinə üst-üstə 64 il həbs cəzası istəyib. Buna etiraz əlaməti olaraq, NİDA-çı gənclər artıq 5-ci gündür ki, həbsxanada aclıq aksiyası keçirirlər. Bütün bunlara baxmayaraq, məsələyə cavabdeh olan heç bir dövlət qurumu aclıq edən gənclərlə maraqlanmayıb.
Aclıq edən gənclərin valideynlərinin musavat.com-a verdiyi məlumata görə, artıq onların bədənində zəifləmə əlamətləri ciddi şəkildə özünü göstərir. Lakin, gənclər sonu nə olursa olsun, aksiyanı dayandırmayacaqlarını bildiriblər.
Bundan başqa, hərəkat üzvlərinin verdiyi məlumata görə, təcridxanadan bildiriblər ki, onların aksiya barədə heç bir məlumatları yoxdur və ona görə də, indiyə kimi gənclərlə maraqlanmayıblar.
Bu məsələ ilə bağlı Ombudsman Aparatının təmsilçisi Vüqar Məhərrəmovla əlaqə saxladıq.
Vüqar Məhərrəmov bildirdi ki, bu məsələ Ombudsman Aparatının diqqətindədir və yaxın günlərdə aclıq aksiyasına başlamış gənc məhbuslarla görüş keçiriləcək: “Aksiyadan xəbərimiz var. Lakin həftə sonu olduğu üçün biz təcridxanaya baş çəkə bilməmişik. Bu məsələ diqqətimizdədir. Yaxın vaxtlarda aclıq edən məhbuslarla görüşəcəyik”.
“Qırmızı Xaç” Cəmiyyəti ilə də əlaqə saxlasaq da, bu qurumdan telefonlarımıza cavab verən olmadı.
Onu da xatırladaq ki, aprelin 17-də NIDA-çıların məhkəməsində dövlət ittihamçısının 6 ildən 8 il 6 aya qədər iş istəməsinə etiraz əlaməti olaraq, həbsxanada aclıq edən gənclərə dəstək məqsədilə onların valideynləri də aprelin 20-dən etibarən müddətsiz aclıq aksiyasına başlayıblar.

Şərhlər