Menu

“XARİCİ BANKLAR BİZİ “BOMBALAYIRLAR”" - Rövnəq Abdullayev

16.09.2016, 14:07
“XARİCİ BANKLAR BİZİ “BOMBALAYIRLAR”" - Rövnəq Abdullayev

SOCAR-ın istiqraz buraxılışına xarici investorların böyük marağı var.

“Marja”nın məlumatına görə, bunu SOCAR istiqrazlarının təqdimat mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.

“SOCAR istiqrazlarının buraxılışını elan edəndən sonra, bütün iri xarici banklar bizi “bombalayırlar”. Hamı gəlib bu istiqrazları almaq istəyir. Çünki SOCAR-ın qiymətli kağızları likviddir. Biz bu istiqrazları yalnız Azərbaycan vətəndaşları və investorları üçün buraxmışıq”.

Rövnəq Abdullayev vurğulayıb ki, bu gün SOCAR 2,5%-lə xaricdən borc ala bilər. Lakin şirkət yerli istiqrazları ilə 5% gəlir təklif etməklə, həm öz gəlirlərini xalqla bölüşür, həm vəsitin ölkədən çıxmasının qarşısını alır, həm də Azərbaycan vətəndaşlarına alternativ gəlir imkanı təqdim edir:

“Bu gün Azərbaycan vətəndaşları yalnız banka əmanət yatırıb gəlir götürə bilirlər. Bizim istiqrazlar əhali üçün yeni gəlir fürsəti olacaqdır”.

Qeyd edək ki, SOCAR istiqrazlarının məcmu nominal dəyəri 100 milyon dollardır. İstiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək. Nominal dəyəri 1000 dollar olan istiqrazlar illik 5% gəlir gətirəcək. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. İlkin yerləşdirmə (abunə yazılışı) zamanı istiqrazları yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağd vəsaitə çevirə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol