Menu

SOCAR-ın SƏHMLƏRİ İLƏ BAĞLI 2 ZİDDİYYƏTLİ AÇIQLAMA - Kimə inanaq?

16.09.2016, 15:11
SOCAR-ın SƏHMLƏRİ İLƏ BAĞLI 2 ZİDDİYYƏTLİ AÇIQLAMA - Kimə inanaq?

SOCAR-ın səhmləri ilkin kütləvi satışa (İPO - Initial Public Offering) çıxarılmayacaq.

“Marja”nın məlumatına görə, bunu SOCAR istiqrazlarının təqdimat mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.

“SOCAR İPO-ya çıxarılmayacaq. SOCAR yüz faiz dövlətə məxsusdur. Ona görə, biz cənab prezidentin göstərişi ilə müəyyən alətləri təklif edirik ki, gəlirlərin bir hissəsini daxildə paylayaq. Hələ ki, SOCAR-ın İPO-su nəzərdə tutulmayıb”,- R. Abdullayev bu barədə suala cavab olaraq bildirib.

"SOCAR-IN SƏHMLƏRİNİN BİR HİSSƏSİ BAZARA ÇIXARDILACAQ"

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə bildirib ki, SOCAR, səhmlərin satışı üçün tələb olunan şərtlərə cavab verir və şirkətin səhmlərinin müəyyən bir hisəsi bazara çıxarılacaq:

“Bir neçə gün əvvəl cənab Prezidentin səhmləri dövlətə məxsus olan şirkətlərin idarəetməsinin təkmilləşdirilməsi və fəaliyyətinin qiymətləndirilməsi barədə sərəncamı olub. Dövlət müəssisələrinin gələcəkdə müəyyən hissəsinin özəlləşdirilməsi və səhmlərinin buraxılışı barədə ilk siqnalları Azərbaycan Prezidenti İlham Əliyev Davosda olarkən verib. Artıq möhtərəm cənab Prezidentin bir sıra dövlət müəssisələrinin səhmlərinin bazara çıxardılması barədə göstərişi var. Amma səhmləri bazara çıxartmaq üçün şirkətlərin görəcəyi bir çox işlər var: Korporativ standartların tətbiqi, şəffaflığın artırılması, şirkətin maliyyə açıqlığını ictimaiyyət üçün təmin etmək. Bu gün demək olar ki, SOCAR bu standartlara cavab verir və mən hesab edirəm ki, günün birində SOCAR səhmlərinin müəyyən bir hisəsini bazara çıxardacaq. Digər şirkətlər isə buna hələ hazır deyillər. Bu məqsədlə hazırlıq işləri görülür. Dövlət başçısı tərəfindən dövlət şirkətlərinin səhmlərinin bir hissəsinin bazarda satılmasına çox müsbət münasibət var”.

PALATA: BİZ SOCAR-IN SƏHM SATMASINI GÖZLƏYİRİK

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı da bildirib ki, Palata SOCAR-ın səhmlərinin bir hissəsini satışa çıxartmasını gözləyir:

“SOCAR Azərbaycan iqtisadiyyatı üçün önəmli şirkətdir. Biz SOCAR-ın növbəti addımı olaraq, öz səhmlərini birja vasitəsilə kütləvi satışa çıxartmasını gözləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol