Menu

İran Bakıya "dostluğunu" yenə nümayiş etdirdi – Separatçıların “bayrağı” Tehranda

17.09.2016, 11:09
İran Bakıya "dostluğunu" yenə nümayiş etdirdi – Separatçıların “bayrağı” Tehranda

Dünən sosial şəbəkələrdə İranda qondarma “DQR” idmançılarının da qatıldığı bir idman yarışının fotoları yayılıb. Məlumatda qeyd olunur ki, Tehranda 48-ci erməni olimpiya oyunları keçirilir və oyunda qondarma “Artsax respublikası” yığması da iştirak edir. Erməni idmançıların geyimində “Artsax” sözü və separatçıların “bayrağı” əks olunub.

10 gün çəkəcək olimpiadanın açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, habelə İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər.

"Yeni Myusavat" İranın Azərbaycandakı səfirliyinə müraciət edərək, oradan münasibət öyrənməyə çalışıb. Ancaq məlum olub ki, diplomatik nümayəndəlik artıq olayla bağlı səfirin mövqeyini açıqlayıb.

Açıqlamada qeyd olunur ki, tədbir uzun illərdir İranda milli azlıqların keçirdiyi idman tədbirlərindən biridir. “İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”, - rəsmi bəyanatda deyilir.

Göründüyü kimi, İran tərəfi təxribatdan xəbərsiz olduğunu bildirir, xoşagəlməz olaydan məsafə saxlamağa çalışır - hərgah, ermənilərin hər fürsətdəcə Tehranla Bakı arasında gərginlik yaratmaqda maraqlı olduğunu gərək Tehran rəsmiləri unutmayaydılar.

O mənada idman formalarında separatçı rejimin əski parçasını simvolizə edən emblemin vurulmasının İran tərəfinin diqqətindən yayılması təəssüf, eyni zamanda həm də təəccüb doğurur. Ona görə təəccüb doğurur ki, tədbirin açılışında İran Milli Olimpiya Komitəsinin prezidenti, İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri və Ermənistandakı İran səfiri də qatılıb və onlar geyimlərdəki “Artsax” sözü və embleminin nə anlam daşıdığını bilməmiş deyildilər.

Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yarışda qondarma rejimin təmsil olunmasına sərt münasibəti gecikməyib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan XİN-i bu barədə məlumatlıdır: “Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müvafiq dövlət orqanlarına çatdırmaqdadır. Bildirmək istərdik ki, İran həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol