Menu

"AZƏRBAYCAN ÜÇÜN BÖYÜK TƏHLÜKƏ..."- Rusiya İrəvana “İsgəndər” raketləri satıb + VİDEO

19.09.2016, 14:29
"AZƏRBAYCAN ÜÇÜN BÖYÜK TƏHLÜKƏ..."- Rusiya İrəvana “İsgəndər” raketləri satıb + VİDEO

Raketlərin Ermənistana ötürülməsini Rusiya hərbi sənayesində çalışan 2 yüksək rütbəli şəxs təsdiqləyib

Ermənistanda sentyabrın 21-də keçiriləcək hərbi parada hazırlıq çərçivəsində hərbi texnika arasında müasir “İsgəndər” raketlərinin olduğu da müşahidə edilmişdi.

Modern.az saytı xəbər verir ki, operativ-taktiki “İsgəndər” raketlərinin Ermənistana ötürülməsini Rusiya hərbi sənayesində çalışan 2 yüksək rütbəli şəxs təsdiqləyib.

Adları açıqlanmayan şəxslər yerli jurnalistlərə açıqlamasında Ermənistana “İsgəndər” raketlərinin 1 divizionunun verildiyini deyiblər.Qeyd edək ki, bir diviziyonda dörd “İsgəndər-M” raket kompleksi var. Hər kompleks iki raket daşıyır.

Mənbə “Rosoboroneksport” şirkətinin sövdələşmədə iştirak etmədiyini və silahın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müvafiq razılaşması əsasında Yerevana verildiyini bildirib.

"Reqnum” agentliyinin məlumatına görə, Ermənistan Rusiyanın bu cür kompleks satmağa razılaşdığı ilk olkədir. Agentlik bildirir ki, Rusiya son aylar Ermənistana başqa silahlar da verib və bu texnikaların əksər hissəsi 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində verilib.

Ekspert Sergei Minasyan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində, Ermənistan ordusunda artıq xeyli vaxtdır ki, bu və digər yeni silahlar olmasından xəbərdar olduğunu deyib.

Minasyanın sözlərinə görə, bu Ermənistan kimi bir ölkə üçün strateji silahdır. Çünki bu silah komandanlıq məntəqələrindən tutmuş energetika obyektlərinədək böyük strateji hədəfləri vura bilir.

Virtualaz.org xəbər verir ki, Rusiyanın “Vedemosti” həftəliyi də  qeyd edir ki, bu vaxta qədər “İsgəndər” raketləri heç bir ölkədə ixrac edilməmişdi. KTMT üzvü olan ölkələrdən birinin Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, Azərbaycan Rusiya, Ukrayna və İsraildən uzaqvuran reaktiv yaylım atəşi sistemləri alandan sonra Ermənistanda bu silahların yaşayış məntəqələrinə zərbələr üçün istifadə ediləcəyinə dair qorxu yarandı. Mənbə xatırladıb ki, aprel döyüşləri zamanı müdafiə naziri Zakir Həsənov Xankəndinə dağıdıcı zərbələr barədə xəbərdarlıq edib. Mənbə bildirib ki, bu baxımdan “İsgəndər” raketləri Azərbaycanın belə planlarının reallaşması baxımından ciddi çəkindirici amil ola bilər.

««İsgəndər» raket komplekslərinin Ermənistana verilməsi Azərbaycana böyük təhlükədir». Bunu Azadlıq Radiosuna hərbi ekspert Telman Əbilov bildirib.

Onun deməsinə görə, Rusiya hələ bir il öncə bu raketlərin Ermənistana ötürülməsi yollarını axtarırdı. O qeyd edir ki, ortada İran, Gürcüstan variantı belə olub. Bu raketlər Ermənistana qara yollarla gətirilib: «Bu raketlər elə böyük həcmə malikdir ki, onu yük təyyarəsi vasitəsilə belə, Ermənistana gətirmək mümkün deyildi».

T.Əbilov deyir ki, bu barədə açıq deyilməlidir. İndi ölkənin müdafiə qüdrəti daha da gücləndirilməlidir. Onun fikrincə, bu təhlükə xalqdan gizlədilməməlidir.

«Bu raketlərin Ermənistana gətirilməsi sözün bitdiyi yerdir. Bunu başqa cür adlandırmaq olmaz»,-deyə o qeyd edib.

T.Əbilov hesab edir ki, bu raketlərin Ermənistana gətirilməsi, onun Xankəndində, Xocalıda olması deməkdir. Onun fikrincə, indi heç kəs zəmanət verə bilməz ki, bu raketlər sabah Azərbaycanın işğal altında olan ərazilərinə göndərilməyəcək: «Ermənistan tərəfi bu raketləri əldə etməklə deyir ki, Azərbaycan Qarabağı unutmalıdır. Onların nə deməsinə baxmayaraq, bədbinliyə qapılmaq olmaz. Azərbaycan nəinki Qarabağdan, heç işğal edilən bir qarış torpaqdan belə əl çəkməməlidir. Bundan çıxış yolu var və bu çıxış yolu ölkənin müdafiə qüdrətini daha da artırmaqdır».

Regnum.ru agentliyi Ermənistanın Rusiyadan «İsgəndər» zenit kompleksləri aldığı haqda informasiyalar yayıb. Beləliklə, Rusiyadan sonra bu kompleksə malik olan ikinci ölkənin Ermənistan olduğu deyilir. Raketlərin Ermənistana Rusiya ilə birgə hava hücumundan müdafiə sistemi çərçivəsində verildiyi bildirilir.

«İsgəndər» operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri «İsgəndər-M» raketləridir.

Hərbi ekspertlərin fikrincə, «İsgəndər-M» raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.

«İsgəndər-M» raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvarı hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

Azadlıq Radiosununu məlumatına görə, İskander kompleksinin təqdimatı ilk dəfə 1999-cu ildə keçirilib. Daha sonra modernləşdirilib.Bu raketlər - ilk növbədə düşmən ordusunun cəbhənin ön xəttində yox, daha uzaqda yerləşən hərbi obyekt və avadanlıqlarının məhvi üçün nəzərdə tutulub.

Daha dəqiqi, düşmənin raket sistemləri, uzaqvuran artilleriyası, havadan müdafiə sistemləri, raketdən müdafiə qurğuları, aerodromlardakı təyyarə və vertolyotları, qərargahları, mülki infrastrukturuni məhv etmək üçündür.

"İskander" raketlərinin start çəkisi 4 tona yaxındır.

Döyüş başlığının çəkisi 480 kq-dır.

Raketin uzunluğu - 7,2 metr,

Diametri 92 sm-dir.

Vurduğu minimal uzaqlıq - 50 kilometr,

Maksimal uzaqlıq 500 km-ə qədərdir.

Amma eksport variantının vurduğu uzaqlıq 280 kilometrə endirilə bilər.

AzPolitika.info

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol