Menu

“Günəşli” yatağında yanğın söndürüldü - VİDEO + FOTOLAR (YENİLƏNİB)

27.09.2016, 09:58
“Günəşli” yatağında yanğın söndürüldü - VİDEO + FOTOLAR (YENİLƏNİB)

Xəbər yenilənir. Son yazılar əvvəldədir

14495491_977209719091510_6306375800406934192_n

“Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda dünən başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın bu gün yaydığı birgə məlumatdə qeyd olunub ki, sentybarın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin qaz təzahürünün qarşısı alınıb.

* * *

Günəşli'' yatağının 19-cu özülündə 71 nömrəli quyuda görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq fontan yanğına keçib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirlib.

Məlumata görə, bütün işçilər özüldən təxliyyə olunub. Xəsarət alan olmayıb. Açıq fontanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir.

* * *

“Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda yanğın davam edir.

"AzPolitika"nın məlumatına görə, Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin (NHMF) sədri Mirvari Qəhrəmanlı feysbuk səhifəsində yanğının görüntülərini paylaşıb. Həmin fotoları təqdim edirik:

* * *

Yanğınsöndürmə gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixır-5" və "Vixır-7" yanğınsöndürmə gəmiləri özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb.

Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

* * *

“Azneft” İB “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı baş vermiş qaz təzahürünün təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, qaz təzahürü səhər təmir zamanı baş verib və açıq fontana çevrilib.

Baş verə biləcək yanğının qarşısının alınması üçün dərhal özülün yanğınsöndürmə sistemi işə salınıb, özüldə istismarda olan digər quyular bağlanılıb, özülün kommunikasiya sistemi tam təcrid edilib, işçi heyətinin vacib olan mütəxəssisləri saxlanılmaqla digərləri “Nefteqaz-64” gəmisi vasitəsilə təxliyə olunub.

Eyni zamanda özülə kömək üçün 2 ədəd ixtisaslaşdırılmış VİXR tipli, “Nefteqaz” tipli və Şirvan tipli kran gəmiləri cəlb edilib.

“Azneft” İB-nin baş mütəxəssisləri və Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası hadisə yerindədirlər. Hazırda vəziyyət nəzarətə götürülüb, fontanın qarşısının alınması üçün tədbirlər görülür. Xəsarət alan yoxdur.

* * *

Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.

SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol