Mədəsiz general

Zamin HZamin Hacı

Keçmiş MTN generalı Akif Çovdarov zindandan məktub göndərib, deyir məni öldürmək istəyirlər, belə rejim olmaz. Sən demə, Akif müəllimin qaraciyərinin yarısı, böyrəyinin parası, mədəsinin isə hamısı yox imiş. Müxtəlif xəstəliklərə görə, dövlətçiliyimizin müxtəlif inkişaf mərhələlərində, müxtəlif xarici dövlətlərdə (bunların içində dağılan Almaniya da var idi) əməliyyatla kəsilib götürülübdür.

Vay-vay… Generalı incidənlərə ar olsun. BMT İnsan Haqları Konvensiyasına görə – hələlik imkan var, sitat gətirək, bir azdan Azərbaycanda bunlara qoz verən də olmayacaq, öz suveren yolumuzla şütüyəcəyik – hətta hərbi əsirlərin belə keyfiyyətli tibbi yardım almaq hüququ vardır.

Ancaq mən Akif müəllimin mədəsinin olmadığını oxuyanda bir az çaşdım qaldım. Çünki rəsmi ittihama görə o və əlaltılarının 62 zərərçəkəndən qapazladığı vəsaitin miqdarı hardasa 35 milyon manata yaxındır. Elə biz jurnalistlər də həmkarımız Aqil Xəlilə Çovdarovun zeytunluqda necə hücum çəkdiyini, bundan sonrakı təqibləri unutmamışıq, biabırçılıq, reketlik elə səviyyədə idi ki, hətta Daxili İşlər Nazirliyi Aqil Xəlili müşayiət edən ayrıca cangüdən qrupu ayırmağa məcbur olmuşdu ki, “emteençilər” fağır jurnalisti döyüb öldürməsinlər. Akif müəllim belə Akif müəllim idi. İndi isə deyir mədəm yoxdur… Mədəsi yoxdur, bu qədər yeyib, olsa nə qədər yeyərdi? Sual budur.

Doğrusu, Beynəlxalq Bankın köhnə şefi Cahangir müəllimin mədəsi var, ya o da kəsdirib çıxardıbdır – bu haqda ətraflı bilgimiz yoxdur. Ancaq prokuror ona da 17 il həbs cəzası istədi. Böyük ehtimalla az verəcəklər, bir-iki il yatızdırıb buraxacaqlar, sadəcə, indi 17 il oxumaqla Cahangir müəllimin əsəblərini yoxlayırlar: “Görək yediyi boşqaba tüpürüb ağzına gələni danışacaqmı?” Həssas məqamdır belə məqamlar. Danışana 10 il verirlər azı, hətta 10 il qurtaranda da bonus kimi daha 10 il üstünə gəlir. Hərçənd danışmayana da bəzən 10 il verirlər. Bizim hüquq sistemindən kimin başı çıxır ki?

Bax, srağagün guya zəhmətkeşlərimiz yüz minlərlə cəm olub məntəqələrə axışdılar, konstitusiya dəyişikliyinə səs verdilər. Maddələr üzrə “hə” səslərinin orta faizi hardasa 85-87 arasında dəyişir. Misal üçün, orda bir maddə vardı, yazmışdılar “lokaut qadağan edilir”, guya buna zəhmətkeşlərin 84 faizi razı olubdur. Heç nə demirəm, çıxaq küçəyə, istənilən yerdə sorğu keçirək, əgər 10 min adamdan 8 nəfəri “lokaut” sözünün mənasını bilsə, qələmi qarnıma soxub intihar edəcəyimə and içirəm.

Vitse-prezident vəzifəsi olacaq, parlamentin səlahiyyəti sıfıra endirildi, canım sənə desin, yaş həddi elə gəldi, xaş həddi belə getdi – bunlar da ölkəmizdə heç nəyi dəyişmir. Faktiki olaraq heç kəsin proqramı yoxdur. Nə iqtidarın, nə müxalifətin. İqtidar oturub “bəlkə neft bahalaşdı” deyə gözləyir, müxalifət də “görək neft haçan tam öləcək” deyə. Hər ikisi yanlışdır, Azərbaycanın xoşbəxt gələcəyi üçün lazımsız yoldur (Xoşbəxt gələcəyi gülmək üçün yazdım). Hərçənd bizim də mədəmizi Akif müəllimin mədəsi kimi kəsiblər, iştahsız yaşayırıq, yola verərik. Elə böyük arzularımız yoxdur: yekə gədə universitetə girsin, ortancıl qızı ərə verək, balaca gədənin sünnətində də babat pul toplansın. Vəssalam-şüttamam. Xəngəlin sezonu gəlir, arada gürcü xəngəli yeyib “Bunu da içək işğal olan torpaqların sağlığına” deyərək gəyirişmək də paketə daxildir.

Harda qalmışdıqsa, ordan da davam edək. Düzü, heç bilmirəm harda qalmışdıq. Siz bilirsinizsə, mənə xəbər eləyərsiniz. Sonda bir müşahidəmi yazım, temanı bağlayaq: həmişə türməyə düşən və səhhətindən şikayətlənən yapistlərin nəsə mədəsi, qaraciyəri, öd kisəsi, bağırsaqları ağrıyır. Heç baş ağrısından əziyyət çəkəni görmədik. Bu haqda fikirləşmək lazımdır. İndidən fikirləşin ki, bizim başımız niyə yoxdur. Yoxsa hökumət qulluğuna, general işinə keçəndə onu kəsdirib keçirsiniz?

(Musavat com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar