AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqonun başçısı Eşton Karter amerikalı hərbçilərlə görüşü zamanı Rusiyanı sərt şəkildə tənqidə məruz qoyub və Suriyada «vətəndaş müharibəsini qızışdırmaq»da ittiham edib.
«Ruslar deyirdilər ki, Suriyaya ona görə gəlirlər ki, özlərinin tarixi təsir imkanlarından çıxış edərək, burada terrorçuluqla mübarizə aparsınlar və vətəndaş müharibəsinin siyasi sonluğa çatmasına nail olsunlar... Amma onlar nəyi dedilər və nəyi etdilər? - bunlar tamamilə fərqli davranışlar oldu»-deyə, Karter bəyan edib.
«Bunun əvəzində onlar zorakılıq da daxil, vətəndaş müharibəsini qızışdırırlar. Son günlər siz, bunların hamısının şahidi oldunuz. Bu da ekstremizi qidalandırır»-deyə, nazir əlavə edib.
Karter deyib ki, Rusiyanın hərəkətləri ABŞ-ın «İslam dövləti» deyilən qruplaşmaya qarşı apardığı kampaniyaya təsir etmir, amma Suriya adlı ölkədə «vətəndaş müharibəsi yaradır».
Bu arada Suriya hökumətinin yaydığı məlumata görə, beynəlxalq «anti-İŞİD koalisiyası»nın təyyarələri sentyabrın 17-də Deyr-əz-Zor aerdromu rayonunda «İslam dövləti» qruplaşmasının mühasirəsində olan Suriya ordusuna 4 zərbə endiriblər. Nəticədə 83 nəfər həlak olub, 100-dər artıq insan yaralanıb. Zərbələrdən sonra «İD» döyüşçüləri Suriya ordusunun mövqelərinə hücuma keçiblər.
Suriya xarici işlər nazirliyi hökumət qüvvələrinin Deyr-əz-Zorda ABŞ tərəfindən atəşə məruz qoyulmasını ABŞ-İD işbirliyinin göstəricisi elan edib.

Şərhlər