AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Aleppo şəhərini xilas etmək xatirinə BMT Baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturanın təşəbbüsünə qoşulmağa və «Cəbhət-ən-Nüsra» qruplaşmasının şəhərdən çıxmasını dəstəkləməyə hazır olduğunu bildirib. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov «1-ci kanal» televiziyasının «Bazar günü» proqramına verdiyi müsahibədə bəyan edib.
«BMT-nin hesablamalarına görə, orada hardasa 6-8 min döyüşçü var. Ən müxtəlif səbəblərdən, onların yarıya qədəri - bunu de Misturanın özü də deyib - «Cəbhət ən-Nüsra» üzvləridir. Mən onun yalnız «ən-Nüsra»ya aid bəyanatını eşitmişəm. Allah xatirinə, əgər «ən-Nüsra» silahları ilə birlikdə İdlibə doğru - özünün əsas qüvvələrinin yerləşdiyi bölgəyə -doğru gedirsə, getsin. Alepponun xilası xatirinə biz belə yanaşmanı dəstəkləyəcəyik və Suriya hökumətini də bununla razılaşmağa çağıracağıq» - deyə, Lavrov açıqlama verib.
«Belədə, sual yaranır: döyüşçülərin qalan yarısı ilə - hansı ki, bütün bu günlər və həftələr ərzində «ən-Nüsra» ilə qaynayıb-qarışıb - onlarla nə baş verəcək? Əgər onlar da getmək istəsələr - buyursunlar. Belədə, sual yaranmaz» - deyə, nazir əlavə edib.
Lavrov bəyan edib ki, «ən-Nüsra»dan ayrılmış döyüşçülər Aleppoda polislə birlikdə mühafizə qüvvələri formalaşdıra bilərlər.

Şərhlər