Menu

Ziyafət Əsgərov dövlət sirrini yayıb?

28.04.2014, 09:50
Ziyafət Əsgərov dövlət sirrini yayıb?

İlham İsmayıl: “Tutaq ki, doğrudan da Sərkisyanın otağı izlənir, o zaman bu, çox ciddi və məxfi tədbirdir və dövlət sirri hesab edilməlidir”

Ərəstun Oruclu: “Milli Məclisin birinci vitse-spikerinin açıqlamasının nə məqsədə hesablandığını anlaya bilmirəm”

Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov publika.az-a müsahibəsində Ermənistan prezident Serj Sərkisyanın Azərbaycan ordusunun zabiti Ramil Səfərovun qətlə yetirilməsi üçün tapşırıq verməsinə münasibət bildirib.

Z.Əsgərov deyib ki, Serj Sərkisyanın bu tapşırığının çox sadə izahı var. Çünki həm Ermənistan, həm də onun prezidenti Sərkisyan mahiyyətcə terrorçudur: “Biz hər zaman demişik, indi də bəyan edirik ki, Ermənistan mahiyyət etibarı ilə terrorçu dövlətdir. Təbii ki, bu terrorçu dövlətin başında da terrorçu prezident oturub. Ona görə də Ramil Səfərovun öldürülməsi ilə bağlı belə bir tapşırığın verilməsi terrorçunun xislətinə xas olan məsələdir. Sadəcə, bunu bir daha dünya görsün ki, Ermənistan prezidenti nə ilə məşğul olur. Mən Ermənistana dövlət deyə bilmirəm. Ermənistan dövlət deyil, terrorçu qurumdur, onun başında da Sərkisyan kimi cəllad və terrorçu oturub. Ermənistan rəhbərliyi, o cümlədən prezidenti yaxşı bilməlidir ki, bu gün Azərbaycan dövləti 1990-cı illərin əvvəllərində olan ölkə deyil. Bu gün Azərbaycanın güclü diplomatiyası var. Bu gün Azərbaycan çox güclü dövlətdir, onun güclü ordusu var və Azərbaycanla artıq başqa dildə danışmaq mümkün deyil. Serj Sərkisyan da bilməlidir ki, onun oturduğu kabinet Azərbaycan silahlı qüvvələri tərəfindən dəqiq izlənilir. Sərkisyan bunu bilməlidir və nəzərə almalıdır”.

Əsgərovun sonuncu açıqlaması ekspertlər tərəfindən birmənalı qarşılanmayıb və ortaya bir sıra suallar çıxarıb. Azərbaycanın düşmən ölkənin birinci şəxsinin kabinetini izləmək imkanı varmı? Əgər belə bir imkan varsa və izləmə həyata keçirilirsə, bu barədə rəsmi şəxsin ictimaiyyətə açıqlama verməsi doğrudurmu?

Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik İlham İmayıl sosial şəbəkədə şəxsi səhifəsində münasibət bildirib. İlham İsmayıl bildirib ki, bu cür məxfi məlumatlardan Ziyafət Əsgərovun xəbəri ola bilməz: “Tutaq ki, doğrudan da həmin otaq izlənir. O zaman bu, çox ciddi və məxfi tədbirdir. Dövlət sirri hesab edilməlidir və Ziyafət Əsgərovun bu barədə məlumatı olmamalıdır. Amma, belə bir izləmə yoxdur. Sadəcə olaraq populist və skandal yarada biləcək bir bəyanatdır. Sabah Ermənistan bu məsələ barəsində yalançı hay-küy də qaldıra bilər, ölkəmizi istehza hədəfinə də çevirə bilər”.

Sabiq MTN əməkdaşı Ərəstun Oruclu isə “Yeni Müsavat”a açıqlamasında Ziyafət Əsgərovun Ermənistan prezidentinin kabinetinin izlənməsi barədə bəyanatının heyrət və gülüş doğurduğunu bildirdi: “Ümumiyyətlə, son zamanlar parlament rəsmilərinin verdiyi bir sıra bəyanatları şərh eləmək üçün daha çox satirik yazarlara müraciət etmək lazımdır. Milli Məclisin birinci vitse-spikeri tərəfindən o cür açıqlamanın verilməsinin nə məqsədə hesablandığını, belə bir açıqlamanın nə üçün verildiyini şəxsən mən anlaya bilmirəm. Mənə elə gəlir ki, ola bilsin Ziyafət Əsgərovun əhvalı yaxşı olub və qeyri-adi nə isə demək istəyib. Nəticədə məlum açıqlama ortaya çıxıb. Məncə, Ziyafət müəllimin bu açıqlaması daha çox əyləncə və zarafat xarakterlidir. Mən bilmirəm buna nə ad qoyaq”.(Musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol