Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı davam edib. ANS PRESS-in məhkəmədə olan müxbirinin verdiyi məlumata görə, fasilədən sonra məhkəmə vəkillər və G.Əhmədovanın vəkillərinin sualları əsasında davam edib.
"Elşad Abdullayev özü də bilmədən təqdim etdiyi videonun montaj olduğunu deyib. Belə ki, o videonun 5 saat olduğunu demişdi. Amma ekspertizada 1 saat 30 dəqiqəlik video mövcuddur. Bunun da 13-cü dəqiqəsində kəsilmə, 50-ci dəqiqədə isə küy var". Bunu Gülər Əhmədova məhkəmə baxışı zamanı deyib. O, videonun montaj olub-olmadığı barədə ekspert Məmməd Ramazanova müraciət edib. Ekspert bildirib ki, videonun montaj olub-olmadığı müəyyən deyil. Bu cavab sabiq deputatı əsəbləşdirib. "Sizin qeyri-müəyyən cavablarınız üstündə 1 il 3 aydır ki həbsdəyəm, azadlığa çıxa bilmirəm. Belə şey olar?" Daha sonra prosesdə dövlət ittihamçısı ilə yenidən mübahisə düşüb. Buna səbəb onun G.Əhmədovanın və vəkillərin suallarına etirazı olub. "Yalvarıram sizə, imkan verin sualımı sona kimi deyim. Niyə sözümü kəsirsiniz?". Məhkəmə sabah saat 14:30-da şahidlərin dindirilməsi ilə davam edəcək.
--------------

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub. ANS PRESS-in məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib.
Vəkillər iddia edib ki, ekspertizaya təqdim edilən CD və DVD-lərdə kəsilmələr var. Onlar videomontaj olunublar. Eksperlər Hörmət Vəliyev, Lətif Əliyev isə bildiriblər ki, təqdim edilən disklərdə heç bir montaj yoxdur.
Daha sonra Gülər Əhmədova çıxış edib. O, qeyd edib ki, məhkəmə zalında prokuror özünü daha çox "komvoy" kimi aparır. Onun sözlərinə görə, onun vəkillərini məhkəmədə iştirak edən ekspertlərə verdiyi suallara prokuror etiraz etməklə məşğuldur. Bu isə G.Əhmədova ilə dövlət ittihamçısı arasında mübahisəyə səbəb olub. Hakim tərəfləri sakitliyə riayət etməyə çağırıb.
Daha sonra sabiq millət vəkili ekspertləri vəkillərinin verdiyi suallardan yayınmamqda ittiham edib. "Ekspertizaya təqmin edilən CD və DVD-lərdə vəkillər kəsilmələrin olduğunu deyir. Eksperlər isə ancaq "bu mənim sahəm deyil və ya videoda texniki səhvlər var" deyə cavab veririlər".
Vəkil Fazil Neymətov Lətif Əliyevə sualla müraciət edib. Ondan "sizə təqdim edilən hər 3 diskdə Gülər Əhmədovaya pul təqdim edildiyini gpörmüsünüz?", deyə soruşub. Ekspert isə suala "xeyr" deyə cavab verib.
Bundan sonra məhkəmə saat 15:00-a kimi fasiləyə çıxıb.
Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.


Şərhlər