«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Ceferi Feltman bəyan edib ki, «İslam dövləti» adlandırılan terrorçu qruplaşma Suriya və İraqda özünün maliyyə dəstəyini və mövqelərini itirir. Bu da terrorçuların öz vətənlərinə qayıtmasına səbəb olur.
«Hazırda Suriya və İraqda «İD»-ə göstərilən hərbi təzyiqlər öz vətənlərinə - xüsusilə də Avropaya və Məğrib ölkələrinə (Şimali Afrika ölkələri - red.) - dönən yabançı terrorçuların sayının artmasına gətirib çıxarıb» - deyə, Feltman qeyd edib.
BMT Baş katibinin «İD» ilə bağlı təhlükələr barədə sonuncu (üçüncü) məruzəsində qeyd olunur ki, son 5 ayda «İD» İraq və Suriyada bir sıra ciddi məğlubiyyətlərə məruz qalıb. Bu qruplaşmanın Əfqanıstandakı və Liviyadakı filialları da davamlı zərbələrə məruz qoyulub. Bu da əraziləri əldə saxlamaq kimi qarşıya qoyduğu başlıca məqsədə çatması üçün qruplaşmanın imkanlarını sarsıdır.
O da qeyd olunur ki, terrorçuların gəlir əldə etmək imkanları, xüsusilə də neft satışından gəlir əldə etmək imkanları getdikcə zəifləyir. Bu zaman neftdən itirilən gəlirləri kompensasiya etmək üçün «İD» özünün «vergitutma» (qorxutmaqla gəlir əldə etmək - red.) siyasətini aktivləşdirmək zorunda qalır. Bəzi məlumatlara görə, bu «siyasət» qruplaşmaya hər ay 30 milyon dollar gəlir gətirir.

Şərhlər