AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın «beynəlxalq koalisiyası» Mosula hücuma başlayıb. ABŞ əsgərləri, böyüklüyünə görə, İraqın ikinci şəhərinin «İslam dövləti» adlandırılan terrorçu qruplaşmadan azad edilməsi yönündə başlanan yerüstü əməliyyatlara qatılıb. Məlumatı «AR» agentliyi yayıb.
Əməliyyat barədə yayılan xəbərdə deyilir: «İraq hökuməti və kürd birləşmələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın yerüstü və aviasiya dəstəyi ilə bu səhər Mosulu azad etmək üçün kordinasiya olunmuş əməliyyatlara başlayıb».
Agentliyin müxbiri hadisələrin cərəyan etdiyi ərazidən Mosul istiqamətində hərəkət edən «İraq, kürd və amerikalı qüvvələrin sıralarını» gördüyünü xəbər verir.
Xəbərdə o da qeyd olunur ki, Amerika aviasiyası tərəflərin təmas xəttində «tüstü pərdəsi» yaradıb, artilleriya-atəş səsləri eşdilir.
Bundan əvvəl İraqın Baş naziri, ölkə silahlı qüvvələrinin baş komandanı Hayder Əbadi Mosulun «İD» qruplaşmasından azad olunması üçün yerüstü əməliyyatlara başlandığını elan edib.
Öz telemüraciətində Əbadi bəyan edib ki, bilavasitə şəhərin özü «İraq ordusu və yerli polis dəstələri» tərəfindən azad olunacaq: «Yerli əhalini xilaskar qüvvələrlə əməkdaşlıq etməyə çağırırıq».
Mosul şəhəri 2014-cü ilin iyun ayından «İD» qruplaşmasının nəzarəti altındadır. Bundan əvvəl BMT xəbərdarlıq etmişdi ki, şəhərin azad olunması əməliyyatlarınin nəticələri burada yaşayan 1,2 milyon insanı əhatə edə bilər.
Göründüyü kimi, ABŞ yenə İraqda «su bulandırır» və başlanmış bu əməliyyat ciddi fəsadlar törədə bilər. Necə ki, İraq hakimiyyətinin devrilməsi və ölkənin qanuni prezidentinin edam edilməsi bu ölkəni dərin xaosun ağuşuna atdı. Ümumiyyətlə, çağdaş dünyada belə bir qənaət formalaşıb ki, ABŞ əsgərinin ayağı dəyən yerdə ot bitməz, rahatlıq-əmin-amanlıq olmaz, xeyir-bərəkət də itib gedər.
Bir neçə gün bundan əvvəl Suriya barədə danışıqlarda ABŞ-ın «şübhəli davranışı» barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etmişdi ki, indi «İslam dövləti» adlandırılan terrorçu qruplaşmanın «özəyi»ni məhz Səddam Hüseyn ordusunun zabitləri təşkil edir.
Mosulun azad olunması əməliyyatlarına Türkiyənin qoşulmasına imkan verməmək xeyli qaranlıq mətləblərdən xəbər verir və güman etmək olar ki, bu əməliyyatlardan sonra ərazidə yaşayan yerli türkmən tayfalarına yönəlik repressiv fəaliyyətə meydan veriləcək. Türkiyə tərəfinin narahatlığı da elə bununla bağlıdır. Bu günlərdə Türkiyə rəhbərliyi bu barədə xüsusi xəbərdarlıqla çıxış edib: «Ərazinin demoqrafiyası heç vəchlə dəyişdirilə bilməz!»


Şərhlər