Azərbaycandakı səfirlik kimlərə pasportların veriləcəyini açıqladı
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlığı almaq istəyən şəxsləri konsulluq xidmətinə müraciət etməyə çağırıb. Modern.az-ın məlumatına görə səfirliyin Rusiya vətəndaşlığı almaq üçün lazım olan qaydalarda bildirilir ki, xarici vətəndaşlar və 18 yaşına çatmış işə yararlı, vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığını sadə üsulla qəbul etmək üçün ərizə ilə konsulluq şöbəsinə müraciət edə bilərlər. Qaydalarda göstərilir ki, müraciət edən şəxs “SSRİ tərkibində daxil olan dövlətlərdə” yaşadığını təsdiq etməli və rus dili testindən keçməlidir. Müraciət etmiş şəxs eyni zamanda Rusiya Federasiyası vətəndaşı olan valideynin pasportunu, və ya notarius tərəfindən təsdiq olunmuş və ya valideynin yaşadığı ərazi üzrə pasport-viza xidmətləri tərəfindən təsdiq olunmuş surətini, Azərbaycan vətəndaşlığından imtina etmə barədə müraciəti təsdiq edən səlahiyyətli Azərbaycan orqanları tərəfindən verilən arayışı və ya Azərbaycan vətəndaşlığından imtina etmə barədə müraciəti təsdiq edən Azərbaycanın səlahiyyətli orqanları tərəfindən verilən arayışın surətini təqdim etməlidir. Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi təqdim olunur. Rusiya vətəndaşlığının əldə edilməsi üçün konsulluq yığımı 17 manat təşkil edir. Ərizənin baxılması ərizə verilmə tarixindən etibarən 6 ay təşkil edir.
Xatırladaq ki, Prezident Vladimir Putin keçmiş SSRİ ərazisində yaşayan rusdilli əhaliyə Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran qanunu imzalayıb.
İki milyondan çox azərbaycanlının yaşadığı Rusiyada vətəndaşlığın verilməsinin asanlaşması Azərbaycanda da ciddi maraq oyada bilər. Azərbaycandan Rusiyaya bir qayda olaraq qazanc dalınca üz tuturlar.
Azəbaycanda ikili vətəndaşlıqla bağlı müəyyən məhdudiyyətlər olduğundan Rusiyada yaşayan azərbaycanlılar seçim qarşısında qalsa, qonşu ölkənin vətəndaşlığına üstünlük verə bilər. Bu kütləvi hal alsa, ölkəmizə iqtisadi və siyasi təsirləri ola bilərmi? Belə bir problem olacaqsa, hökumət hansı addımlar atmalıdır?
İqtisadçı-ekspert Samir Əliyev Rusiyada yaşayan iki milyona yaxın azərbaycanlının əsas probleminin qeydiyyatla bağlı olduğunu deyir. vətəndaşlığın verilməsinin sadələşdirilməsi onların işini asanlaşdıracaq. Böyük ehtimalla onlar kütləvi olaraq vətəndaşlıq almaq üçün müraciət edəcəklər. Çünki bir qismi daimi olaraq Rusiyada yaşayır. Onların Azərbaycana qayıtması isə gözlənilmir. Çünki ölkədə işsizlik problemi mövcuddur. Hətta Azərbaycan vətəndaşlığından imtina hesabına olsa belə, Rusiya vətəndaşlığını almaq istəyənlərin sayı çox olacaq. ekspertin sözlərinə görə, hökumət iş yerləri açmaqla bu axının qarşısını ala bilər: «Rusiyanı seçənlərin 90 faizin regionlardakı insanlardı. Regionlarda iş olmadığından bir qismi Bakıya, bir qsimi isə Rusiyaya üz tutur. Rusiya vətəndaşlığı olmayanların orda işləməsi sərtləşdirilir. Ona görə də onlar ya ölkəni tərk etməli, ya da vətəndaşlıq almalıdırlar. Belə bir seçim qarşısında qalsalar, vətəndaşlıq almağa üstünlük verəcəklər».
Miqrantlara Hüsuqi Yardım İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Rusiyada yaşayan azərbaycanlıların böyük əksəriyyətinin ya vətəndaşlığı, ya da miqrant statusunun olduğunu deyir. Rusiyada yaradılan şərait Azərbaycanla müqayisədə daha yaxşıdır. Rusiyada sahibkarlıq fəaliyyəti, adicə taksi sürücülüyü ilə məşğul olmaq Azərbaycandan daha rahat və faydalıdır. Qayıdışın kütləvi olmaması həm də Rusiya ilə müqayisədə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması baxımından daha mürtəce bir rejimin mövcudluğudur.


Şərhlər