Menu

Ekspertiza dənizə düşən qazmaçının kimliyini açıqladı - YENİLƏNİB

11.11.2016, 14:51
Ekspertiza dənizə düşən qazmaçının kimliyini açıqladı - YENİLƏNİB

Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub. İtkin düşən şəxsin adı Qalib Hacıyevdir.

Bu barədə hüquq müdafiəçisi M. Qəhrəmanlının "Facebook" sosial şəbəkəsindəki paylaşımına cavab olaraq istifadəçilərdən biri qeyd edib ki, Q. Hacıyev "KCA-Deutag" şirkətinin əməkdaşıdır.

Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən "APA-Economics"ə verilən məlumata görə, hadisənin təfərrüatları araşdırılır: "BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir".

Maraqlıdır ki, BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı nə itkin düşən işçinin, nə də ki podratçının adını açıqlamayıb.

* * *

Dərinsulu Günəşli platformasının dibinə enən avtomatik idarə edilən xüsusi dalğıc qurğusu burada uniformalı geyimdə insan aşkarlayıb.

Turan-ın neft dairələrindən əldə etdiyi məlumatlara görə, həmin şəxs Britaniyanın “KCA-Deutag” şirkətində qazmaçı vəzifəsində çalışırmış.

Qazmaçının cəsədi noyabrın 10-da xüsusi dalğıc qurğusunun apardığı axtarış nəticəsində Dərinsulu Günəşli platformasının altından tapılıb. Burada suyun dərinliyi 120 metrə yaxındır.

* * *

“BP-Azerbaijan”: “Dərinsulu Günəşli” platformasının yaxınlığında dəniz dibindən cəsəd çıxarılıb.

Bu barədə “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

Qeyd olunub ki, cəsəd sahilə gətirilib və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, tapılan şəxsin həmin neftçi olduğu hələ təsdiqlənməyib: "İşçinin əynində xilasedici jilet olub? Yanında kimlər olub?"

* * *

Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan tapılan meyitin kimliyi məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, meyit Pirallahı rayonu ərazisindən tapılaraq məhkəmə tibbi-ekspertizasına təhvil verilib.

Aparılan araşdırmalar nəticəsində meyitin noyabrın 8-də itkin düşmüş "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının işçisi, 1964-cü il təvəllüdlü Hacıyev Qalib Məmmədtağı oğlu olduğu müəyyənləşib.

Meyit artıq mərhumun ailəsinə təhvil verilib.

“KCA-Deutag” şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir və istismar quyularının layihələndirilməsi və onların qazılması sahəsində BP şirkətinin Xəzər əməliyyatlarında baş podratçısıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol