Menu

ADP Rus təhlükəsi barədə bəyanat verdi

03.05.2014, 11:29
ADP Rus təhlükəsi barədə bəyanat verdi

“Son vaxtlar rus imperiyasının bərpası istiqamətində Rusiya siyasi dairələrinin hərbi, siyasi, diplomatik və təbliğati səyləri güclənib. Xüsusən keçmiş SSRİ respublikaları ərazisində rus imperiyasının bərpasına yardım edəcək qüvvələrin formalaşdırılması və ictimai rəyin hazırlanması prosesi gedir.”

Azərbaycan Demikrat Partiyasının (ADP) yaydığı bəyanatda belə deyilir. Sənəddə daha sonra bildirilir:

“Valideynləri keçmiş SSRİ-də yaşamış insanlara asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığının verilməsi, eləcə də çar Rusiyasında imperiyanın mənafeləri uğrunda xarici qüvvələrlə mübarizədə xüsusi xidməti olan aşağı çinli döyüşçülər üçün təsis edilmiş, SSRİ dönəmində qüvvədən salınmış və 2005-ci ildə Moskvada millətçi qüvvələr tərəfindən “ikinci dünya müharibəsi veteranlarına qayğı” adı altında yenidən gündəmə gətirilmiş “Qeorqiyev lenti”nin paylanması kampaniyası həyata keçirilir.

“Qeorqiyev lenti” artıq bu gün Rusiyanın şovinist, “velikorus” və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların, ictimai xadimlərin, o cümlədən Ukraynada Avropaya inteqrasiyanı müdafiə edən meydan hərəkatının əleyhdarı olan “anti meydan” hərəkatının nümayəndələrinin, Avropaya inteqrasiya tərəfdarlarına divan tutan “Berkut”un və Şərqi Ukrayna seperatistlərinin simvolikası kimi istifadə olunur.

Son günlər Azərbaycanda Rusiya səfirliyi və Rusiya diasporunun fəal iştirakı ilə bu lentin paylanması kapaniyası başlanıb. “İrəli” gənclər təşkilatı 9 mayda “Qeorqiyev lenti”nin Azərbaycanda paylanması ilə bağlı kampaniyanı öz üzərinə götürməyi bəyan edib.

ADP Azərbaycan üçün xarici təhlükə risklərinin artdığı vəziyyətdə bu lentin paylanmasını Rusiyanın hakim dairələrinin işğalçı siyasətinə dəstək, Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətsizlik kimi dəyərləndirir, hüquq mühafizə orqanlarını dövlətlətçiliklə bir araya sığmayan və milli maraqlarımıza zidd olan bu kampaniyanın qarşısını almağa və bu kampaniyanı təşkil edənlər barədə qanuni ölçü götürməyə çağırır.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol