Bakı Slavyan Universitetinin fasadı və girişi tamamilə dəyişdirilib.
BakiPost.az xəbər verir ki, sökülməsi qalmaqala səbəb olan qədimi mozaikaların yerinə daş lövhələr qoyulub. Tikinti tam başa çatmasa da, üzərindəki qoruyucu örtük götürülüb.
Universitetin girişinə isə müasir qapılar qoyulub.
Binanın özündə tarixiliyi qoruyub saxlayan dizaynı tamamilə yoxa çıxıb, bu isə tələbə və müəllimlər arasında narazılığa səbəb olub.
Çünki mozaikanın söküldüyü vaxt universitet rəhbərliyinin ittihamlara verdiyi cavablar belə bir fikir formalaşdırmışdı ki, binanın yeni fasadı daha müasir, gözoxşayan və standartlara cavab verən dizaynda olacaq. Amma təmiri demək olar ki, başa çatan fasadın əslində çox sadə və keçmiş mozaikanın yanında sönük qalan daşlarla üzləndiyi görünür.
Qeyd edək ki, Nurlana Əliyeva BSU-ya rektor təyin olunduqdan sonra əsas korpusun üzərində Nizami, Mirzə Fətəli Axundov, Nəsimi, Nəriman Nərimanov və Məhsəti Gəncəvinin təsviri olar mozaikaların sökülməsi əmrini vermişdi. Bu isə cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu.


Şərhlər