AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «Transparency International» təşkilatı Rusiyanı dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biri adlandırıb.
Beləliklə, Rusiya Federasiyası Avropada və Mərkəzi Asiyada ən çox korrupsiyaya yuvarlanmış ölkələr sırasına daxil olub. Bu barədə təşkilatın dərc etdirdiyi «Dünya korrupsiyasının barometri» araşdırma sənədində (hesabatında) söhbət açılır.
Araşdırmaların gedişi zamanı respondentlər «ölkə qarşısında duran ən ciddi problemlər hansılardır, hakimiyyət institutlarının korrupsiyalaşmasını və ölkə rəhbərliyinin korrupsiyaya qarşı səylərini necə qiymətləndirərdiniz?» suallarına cavab veriblər.
«Araşdırma materialları göstərir ki, rusiyalılar tərəfindən korrupsiya, əhəmiyyətinə görə, ölkə problemləri arasında üçüncü yerdə (iqtisadi vəziyyət və səhiyyə sisteminin vəziyyətindən sonra) dayanır. Respondentlər korrupsiyanı daha ciddi probem hesab edirlər, nəinki işsizliyi, cinayətkarlığı və təhsilin bərbad vəziyyətini» - deyə, hesabatda qeyd olunur.
Rəyi soruşulan rusiyalılar bildiriblər ki, onlar korrupsiya barədə heç yerə xəbər vermirlər. Bunun səbəblərini qiymətləndirərkən, respondentlərin 17,0 faizi bəyan edib ki, bu, sadəcə olaraq, təhlükəlidir, 15,0 faizi nəyi isə sübut etməyin mümkünlüyünə inanmır, 11,0 isə özünün cinayətlərlə əlaqəli olmasını etiraf etməkdən qorxur.
Hesabata görə, Rusiyadan savayı ifrat korrupsiyalaşmış ölkələr sırasına Ermənistan, Bosniya və Hersonovina, Litva, Moldova, Serbiya və Ukrayna da daxildir.
Belədə, bizlər rahat nəfəs ala bilərik - Azərbaycanın adı bu siyahıda yoxdur! Deməli, Azərbaycan cəmiyyəti korrupsiyaya qəti surətdə qalib gəlib. Ona görə də «Beynəlxalq bank», «MTN» şoularına və digər «qarayaxmalar»a əhəmiyyət vermək lazım deyil...


Şərhlər