AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Barak Obamanın administrasiyası Arktika şelfində neft və qaz quyularının qazılması planlarını yaxın 5 il üçün bloklayıb. Bu barədə ölkənin xarici işlər nazirliyi (XİN) xəbər yayıb.
Sənədə əsasən, bu müddətdə Vaşinqton Çukot dənizi, Bovort dənizi və Kuka körfəzinin neft və qazla zəngin ərazilərində geoloji kəşfiyyat və hasilat işləri aparmaq üçün lisenziya verməyəcək. Bu ərazilərə lisenziyaların verilməsi məsələsinə yalnız 2022-ci ildə baxılacaq.
«BBC» xəbər verir ki, ekoloqlar bu qərarı alqışlayıblar və qeyd edirlər ki, Arktikada yeni quyuların qazılması dəniz heyvanlarına təhlükə yaradır və qlobal istiləşməyə kömək edir.
Ətraf mühit müdafiəçilərinin sözlərinə görə, Arktikada qazma işləri zamanı böyük qəzaların baş verməsi ehtimalı çox yüksəkdir, buzlaqlara neft axımının aradan qaldırılması isə demək olar, qeyri-mümkündür.
ABŞ-n yeni seçilmiş Prezidenti Donald Tramp isə bundan əvvəl bəyan etmişdi ki, neft-qaz şirkətlərinin fəaliyyəti sahəsində Barak Obama administrasiyası tərəfindən tətbiq olunmuş bütün məhdudiyyətləri ləğv edəcək. Ancaq əvvəlki administrasiyanın qərarlarının ləğv olunması proseduru uzun sürən çalışmadır və bu istiqamə üzrə seçkiqabağı vədlərini yerinə yetirmək üçün Trampa iki ilə yaxın vaxt lazım gələcək.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Arktika şelfinin ABŞ-a məxsus hissəsində neft ehtiyatları 27 milyard barrel, təbii qaz ehtiyatları isə 132 trilyon kub/fut təşkil edir.

Şərhlər