Menu

İranda sərnişin qatarları toqquşub - 40 nəfər ölüb, 100 nəfər yaralanıb + VİDEO

25.11.2016, 21:10
İranda sərnişin qatarları toqquşub - 40 nəfər ölüb, 100 nəfər yaralanıb + VİDEO

İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 100 nəfər xəsarət alıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətinin yüngül yaralandığı bildirilir.

 Hadisə bu gün yerli vaxtla 7:40 radələrində Şahrud şəhərində baş verib. İnsident nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb.

***

İranın Semnan əyalətinin Şahrud şəhərində Həftxan stansiyasının yaxınlığında iki sərnişin qatarı toqquşub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün yerli vaxtla 7:40 radələrində baş verib.

Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda yanğın baş verib.

Yolların buz bağlaması yanğınsöndürənlər və xilasedicilərin hadisə yerinə vaxtında çatmasında əngəllər yaradıb. Yaralıların bəziləri helikopterlərlə xəstəxanalara çatdırılıb.

İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsgər Əhmədi deyib ki, hadisə zamanı 15 nəfər həlak olub, 62 nəfər yaralanıb. O bildirib ki, toqquşma baş verdikdən sonra vaqonlarda yanğın başlayıb: “Yanğın tam söndürülməyənədək ölən və xəsarət alanlarla bağlı dəqiq rəqəm söyləmək çətindir”.

İranın Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Pirhüseyn Kulivənd isə qatarların toqquşması nəticəsində 8 nəfərin həlak olduğunu, 15 nəfərin yaralandığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol