Ramiz Mehdiyev “iki qardaş klanı” vahid liderlik ətrafında birləşdirir, özü geri çəkilir…

Xəbər verildiyi kimi, Azərbaycan fövqəladə hallar nazirinin yeni müavinləri təyin olunub. Prezident İlham Əliyev Teymur Ramiz oğlu Mehdiyevin və Tapdıq Əhliman oğlu Əmiraslanovun fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Prezidentin digər sərəncamı ilə Teymur Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.

Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Tapdıq Əmiraslanov isə Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun oğludur.

Fikrimizcə, FHN başçısı Kəmaləddin Heydərovun bu şəxsləri özünə müavin götürməsi sıradan bir hadisə sayılmamalıdır…

Xatırladaq ki, Teymur Mehdiyev əvvəllər DİN, MTN, XİN, ən nəhayət Mədəniyyət Nazirliklərində işlədikdən sonra bir neçə il əvvəl Azərbaycan Miqrasiya Xidmətinin rəis müavini təyin olunmuşdu. Lakin bu yaxınlarda Azpolitika.info məlumat əldə etmişdi ki, T.Mehdiyevin yeni vəzifəyə təyinatı gözlənilir. Saytımızın 10 aprel tarixli sayında yayımlanmış “HAKİMİYYƏTDƏKİ KLANLARIN YENİ HƏDƏFİ – Hərbi Dəniz Qüvvələri kimin olacaq?” sərlövhəli yazıda müəyyən səbəblərdən ad çəkməsək də hazırda boş olan Hərbi Dəniz Qüvvələrinin komandanı postuna şok namizədin olduğunu bildirmişdik. Bizə verilən məlumata görə, bu posta namizədlər arasında məhz Teymur Mehdiyevin də adı keçirdi. Hakimiyyətdəki “Naxçıvan klanı” T.Mehdiyevin bu təyinatına nail olmaq üçün bütün qüvvəsini səfərbər etmişdi.

Lakin belə görünür ki, ya bu təyinata Prezidentin razılığını almaq mümkün olmayıb, ya da plan dəyişib. Bundan sonra T.Mehdiyevin FHN başçısına müavin gətirilməsi haqda razılıq əldə olunub.

Eyni vaxtda “Naxçıvan klanı”nın rəhbəri Ramiz Mehdiyevin və “Ermənistan klanı”nın nüfuzlu nümayəndələrindən olan Əhliman Əmiraslanovun oğullarının Kəmaləddin Heydərova müavin təyin olunmaları isə, yuxarıda da qeyd etdiyimiz kimi sıradan hadisə deyil.

Məsələ ondadır ki, təxminən il yarım əvvəl Elşad Abdullayevin hakimiyyət daxilindən də dəstəklənən videolu hücumları başlayarkən “Naxçıvan klanı”nın içində ciddi panika baş qaldırmışdı. Bu səviyyədə hücumdan sonra R.Mehdiyevin vəzifədə saxlanılmasının mümkünsüzlüyünü düşünən klanətrafı elitada mərkəzdənqaçma meyilləri güclənmiş, yeni himayədar axtarışları sürətlənmişdi. Hətta vəziyyət o qədər dramatik hal almışdı ki, R.Mehdiyevin ənənəvi müdafiəçiləri belə bu dəfə ona qarşı total informasiya hücumunun qarşısında durmaq istəmirdilər. Çoxları susmağa üstünlük verirdi. Paralel olaraq bu klanın himayəsi altında olan siyasi-iqtisadi, məmur elitası alternativ qüdrətli klanın çətiri altına keçmək üçün yollar axtarmağa başlamışdı. Proseslərin belə təhlükəli yön aldığını görən Ramiz Mehdiyev həmin vaxt çox ağıllı bir həmlə etdi. PA rəhbəri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla daha da yaxınlaşdı və faktiki olaraq onu “Naxçıvan klanı”nın yeni lideri kimi önə çıxarmaqla dağılma-çökmə prosesinin qarşısını aldı. Klan daxilində gələcəyə inam bərpa olundu və itirilmiş mövqelər uğrunda mübarizə başladı. Bir neçə aydan sonra – 9 oktyabr president seçkiləri ərəfəsində “Naxçıvan klanı” yenidə əsas söz sahibi idi və bu reallıq hökumətin yenidən formalaşdırılması zamanı özünü bütün çılpaqlığı ilə göstərdi.

Fikrimizcə, may ayının 5-də - eyni gündə Gülər Əhmədovanın azadlığa buraxılması və Ramiz Mehdiyevin oğlunun Kəmaləddin Heydərova müavin təyin olunması sınaqdan uğurla çıxmış siyasi kursun – Kəmaləddin Heydərovun klanın əsas lideri kimi önə çıxarılması prosesinin davam etdirilməsi əzminin nümayişi idi. Öz oğlunu K.Heydərovun “qanadları altına” itələməklə PA rəhbəri hamıya və hər kəsə çox açıq bir mesaj vermiş oldu ki, bundan sonra nə etmək lazımdır. Yəni bütün ümidini və karyerasını R.Mehdiyevə bağlamış şəxslər və çevrələr PA rəhbərinin bu gedişini belə qavramalıdırlar ki, onların gələcəyi tam təminat altındadır.

R.Mehdiyevin yeni həmlələri eyni zamanda onun yaxın gələcək üçün planlarından da xəbər verə bilər. İstisna deyil ki, PA rəhbəri geri çəkilmək haqda qərar verib…

5 may təyinatlarında diqqəti çəkən daha bir mühüm məqam Qərbi Azərbaycan klanının nüfuzlu nümayəndələrindən olan Əhliman Əmiraslanovun oğlunun da Kəmaləddin Heydərova müavin təyin olunmasıdır. Bu da açıq bir mesajdır. Sirr deyil ki, son illər (2003-cü ildən sonra) Naxçıvan və Qərbi Azərbaycan klanlarının münasibətlərində müəyyən soyuqlaşma yaranmışdı. Kökündə Ramiz Mehdiyev-Əli İnsanov şəkişməsi duran bu gərginlikdən rəqib qruplaşmalar maksimum istifadə etmiş, hər iki tərəfə ciddi zərbələr vurmuşdular. Lakin belə görünür ki, tərəflər Heydər Əliyevin sağlığında olduğu kimi yenidən ittifaq qurmaq əzmindədirlər. Lakin bu dəfə vahid liderin rəhbərliyi altında.

Rasim ƏLİYEV

“Azpolitika.info”