“Əslində İsa Qəmbərin Müsavat Partiyasındakı başqanlıq səlahiyyətinin müddəti iki ildir bitib”. Bunu AzPolitika.info-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılının hakimiyyətin Müsavat Partiyasının mayın 24-də keçiriləcək qurultayını əngəllədiyi ilə bağlı çıxışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İsa Qəmbər başqanlıqdan getməmək üçün hər dəfə qurultay adı altında müxtəlif şou təşkil edir: “Ona sual verin ki, partiyalar haqqında qanunlara niyə məhəl qoymur? Əgər onun qanunlara, eləcə də Müsavatın daxili nizamnaməsinə hörməti olsa idi, iki il oncə qurultay keçirərdi və başqanlığı müəyyən olunardı. Müsavat partiyasına qurultay keçirmək sərf etmir. Çünki ortada iki mühüm amil var. Birincisi, partiya rəhbəri kimi İsa Qəmbər basqanlıq kürsüsünü kimsəyə vermək istəmir, onun həddindən artıq böyük şəxsi ambisiyaları, şəxsi maraqları var. İkincisi isə, onların istənlən tədbiri səs-küylə, bir-birilərinə qarşı qarşılıqlı ittihamlarla və sonu istefalarla nəticələnən biabırçı dava-dalaşla bitir. İnanın ki, əgər qurultay keçirmək Müsavatın marağında olsa idi, çoxdan keçirərdi."
YAP təmsilçisi hesab edir ki, qurultay keçirmək üçün yerin olmamasını bəhanə gətirən Müsavatın bu addımı sadəcə hakimiyyətə qarşı növbəti bir qərəzli münasibətin nəticəsidir. "Qurultay keçirmək istəyən istənilən ciddi qurum özünə yer tapa bilər. İndi xeyli sayda tədbirlərin keçirilməsi üçün özəl yerlər var. Dövləti ittiham etməkdənsə, buyursunlar həmin özəl yerlərdə özlərinə qurultay keçirsinlər."
Ülkər Musazadə


Şərhlər