DƏYƏR

XeyberXeybər Göyyallı

Srağagün əzəmətli və təntənəli bir mərasimdə iştirak etdim. Mübaliğəsiz və metaforasız deyirəm ki, sözün həqiqi mənasında əzəmətli tədbir idi. Həmin tədbirin iştirakçısı olmuş hər bir ədalətli və zövqlü kəs bu məqamda mənimlə tamamilə həmrəy olar.

İlk baxışda adama elə gəlirdi ki, boz ovqatda keçən sıradan bir tədbir olacaqdır. Beynəlxalq Muğam Mərkəzində təşkil edilən həmin tədbir çox vaxt iştirakçısı olduğumuz tədbirlərdən deyildir. Bu mədəniyyət tədbiri xüsusi bir ovqatda keçirildi. Söhbətgedən mərasim sxematiklikdən, quru ab-havadan, rəsmiyyətçilikdən çox uzaq idi. Tamaşaçılar əsla darıxmadılar. Bu məqamda onu da deyim ki, tədbirin keçirilməsi üçün seçilmiş məkanın da özünəməxsus aurası var idi. Şübhəsiz, bu məkan özlüyündə insanı darıxmağa qoymazdı. Onu da vurğulayaq ki, tamaşaçı-dinləyici auditoriyası da çoxtəbəqəli idi. Onların arasında rəyasət sahibi olan nazir, səlahiyyət daşıyan məmur, həmçinin mədəniyyət və incəsənət xadimləri, qələm əhli və tələbələr var idi. Ancaq bu çoxqatlı təbəqəni mərasimin aurası birləşdirmişdir. (Səmimiyyətlə etiraf edək ki, bir çox rəsmi və qeyri–rəsmi tədbirlərimizdə hələ də sovetizmin çox güclü təsirləri qalmaqdadır).

Beynəlxalq Muğam Mərkəzində baş tutan möhtəşəm tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirdiyi “Azərbaycan ailəsi” Film Festivalı idi. Açıq-aşkar hiss olunurdu ki, bu möhtəşəm tədbirin ağırlıq mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərindədir. Böyük ehtimalla deyirəm ki, bu ciddi və səviyyəli mədəniyyət tədbirinin ssenarisi, yəqin ki, elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən yazılmışdır. Film festivalı indiyədək gördüklərimizdən öz forma və məzmunu ilə çox fərqlənirdi. İlk dəfə iştirak etdiyim bu festival sayca səkkizincidir. Film festivalının mövzusu zərif mövzu olsa da, qədərincə dəyərlidir. Qloballaşan dünyada Azərbaycan ailəsi unudulmayıb. Ailə unudulası dəyər deyildir. Ailə Azərbaycan xalqı üçün nüvə funksiyasını daşıyır. O, elə bir özəkdir ki, milləti bir millət kimi formalaşdırır, ümumən cəmiyyətin, ayrılıqda isə hər bir fərdin təkamülünə stimul verir. Mənəvi dəyərlərin qorunması da, aşılanması da birbaşa ailədən başlayır.

Bilirik ki, xalqımız odu-ocağı müqəddəs sayıb. Xalqımız od-ocaq müqəddəsliyini analoji olaraq daha uca tutduğu iki doğma mənəvi dəyərinə də şamil etmişdir. Azərbaycan xalqı bir ailəyə, bir də müqəddəs pir və övliyalara ocaq deyə müraciət edib. Elə bu səbəbdəndir ki, hər iki məkan—ev-eşikdə qalanmış ocaq və müqəddəs pirlər (ocaqlar) ən müqəddəs and yerləri olmuşlar. Ulularımız and içəndə deyiblər: “Bu ocaq haqqı!”, “And olsun bu ocağa!”

Səkkizinci dəfə baş tutan ”Azərbaycan ailəsi” Film Festivalının davamlı keçirilməsində də başlıca məqsəd mental dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu özəl məqsədinə film festivalını keçirməklə də bir daha nail oldu. Film festivalına təqdim olunmuş 38 rejissor işindən 35-i bəyənilmişdir. Münsiflər heyətinə təqdim olunan filmlər janrca müxtəlif, həcmcə qısa və məzmunca lakonik idi. Təqdim olunan sənət işlərinin müəllifləri gənclər olsa da, Azərbaycan ailə modelinə həsr edilmiş ssenarilərin mövzusunda müasirliklə yanaşı, bir mühafizəkarlıq da var idi. Azərbaycan ailə institutu məhz bu mühafizəkarlığın hesabına 21-ci əsrə gəlib çıxıbdır. Mühafizəkarlıq adlandırdığımız bu nəsnə min illərdir ailə dəyərlərinin indikatoru olmuş, bu müqəddəs özəllikləri qloballaşan dünyamıza qədər gətirib çıxarmışdır.

Haqqında sidqi-ürəkdən söhbət açdığım bu mərasim orijinal olduğu qədər də çox səviyyəli təşkil edilmişdi. Film festivalı barədə informativ xarakterli rəsmi çıxışlar da auditoriya üçün yorucu olmadı. Sayca çox olmayan bu tipli çıxışlar arasında salona həzinlik, tamaşaçılara mənəvi dinclik bəxş edən musiqi səsləndirilirdi. Özü də bu musiqi adi musiqi deyildi. Məkanın aurası ilə həmahənglik yaradan ilahi bir musiqi idi. Azərbaycan musiqi tarixinin korifeyi Üzeyir bəyin “Sevgili canan”, kino musiqisinin atlantlarından sayılan Tofiq Quliyevin “Üzüyümün qaşı firuzədəndir”, hələ də ürəkdən-candan sevilən “Qaya” qrupunun şedevrlərindən olan “Mən gəzirəm hər yanı” kimi ruha can verən musiqi nömrələri səsləndi. Bu aurada adam nə darıxar , nə də yorulardı. Bu ruhoxşayan musiqi nömrələrinin ifaçıları da hər gün ekrandan-efirdən gözlərimizi yağır edənlərdən deyildilər. Onların hər biri həmişə ucalarda dayanan klassik Azərbaycan musiqisinə yarayan və yaraşan ifaçılar idi.

Film festivalında nümayiş etdirilən sənət nümunələri tamaşaçı auditoriyasının böyük marağına səbəb oldu. Mükafatlandırma mərasimi dəyərləndirilən rejissor işlərinin əyani nümayişi altında baş tutdu. Auditoriya da sənət nümunələrinə baxış keçirdi, obyektivliyə şəhadət verdi, real seçimin gerçək şahidi oldu. Azərbaycan kino məktəbinin yetişdirməsi, əslən Cənubi Azərbaycandan olan gənc rejissorun ”Səs” adlı ekran işi festivalın xüsusi mükafatına layiq görüldü. Ədalət naminə deyək ki, o, buna layiq idi. Mənə elə gəldi ki, iştirakçıların əksəri (bəlkə də, hamısı) müxtəlif nominasiyalar üzrə mükafatlandırıldılar. Hər kəs halalıqla haqqını aldı. Bu örnək götürüləsi bir nümunə, gələcək yaradıcılğa gerçək impulsdur.

Haqqında ağızdolusu danışdığımız bu ciddi və səviyyəli mədəniyyət tədbiri, ümumən, nümunə götürüləsi və örnək olası bir mədəniyyət hadisəsi idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar