AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya 2017-ci maliyyə ilində (aprelin 1-dən başlanır) hərbi xərclərini rekord məbləğə - 5,1 trilyon ienə (46,36 milyard dollara yaxın) qədər artırmaq qərarına gəlib. Məlumatı «Mayniti» qəzeti yayıb.
Şimali Koreyanın mütəmadi və uğurlu ballistik raket sınaqları fonunda əsas diqqət hava hücumundan müdafiə sahəsinə yönəlik xərclərin atırılmasına, eyni zamanda uzaq adaların (xüsusilə Senkaku adası) müdafiəsinin təmin olunmasına yönəlib. Bu ada Çinlə mübahisəli ərazi sayılır və Şərqi Çin dənizində Çinin aktivliyin artması buranın təhlükəsizliyinə təhdid hesab olunur.
Özünümüdafiə qüvvələrinin əlavə hava hücumundan müdafiə raketləri (ballistik raketləri məhv edə biləcək raketlər) ilə təmin olunması üçün maliyyə vəsaitinin ayrılması da planlaşdırılır. Eyni zamanda, kəşfiyyat funksiyaları ilə gücləndirilmiş sualtı qayıqların sayının artırılması prioritet hesab olunur.
Qeyd edək ki, Yaponiyanın hərbi xərcləri artıq 5 ildir dalbadal artırılır və yalnız ikinci ildir ki, xərclərin məbləği 5 trilyon ieni keçir. Cari ildə isə müdafiə xərclərinin həcmi 5,054 trilyon ien (45,9 milyard dollar) həddində planlaşdırılıb.
Görünür, Yaponiya Kuril adaları probleminin hərbi yolla həllini də istisna etmir və sakitcə Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşıb.


Şərhlər