Menu

YORĞAN

12.12.2016, 17:24

Etibar Eliyev(Pyes)

Etibar ƏLİYEV 

Pyesin fabulası yazıçı-deputat Hüseynbala Mirələmovun bu fikirlərindən götürülüb: “Ayağını yorğanına görə uzat. Azdır - az ye, çoxdur - çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.

İştirak edirlər:

Hüseynağa - altmış yaşlarında kişi

Gülsənəm - əlli yaşlarında qadın

Sadə Xuruşovka deyilən mənzil. Mənzildə televizor “ATV-Səhər”i göstərir. Cavan oğlan elə hey deyir ki, bizdən ayrılmayın, maraqlı xəbərlərimiz olacaq. Stolun üstündə xeyli dərman var. Hüseynağa çarpayıda uzanıb, ancaq ayağı yorğana çatmır.

Gülsənəm (dərmanları qaydaya salır): A kişi neçə gündür görürəm ki, ayağını yorğanına görə uzatmırsan. Ayağın bayırda qalıb. Deyəsən, deputatların sözü sənə təsir etmir.

Hüseynağa (tavana baxır): Mən yorğanı aşağı endirəndə də kürəyim açıq qalır axı. Deyirsən onda da soyuq dəysin mənə. Sən bunu neçə vaxtdır görürsən. İndi xeyir ola.

Gülsənəm: Bu ayın maaşı ilə yun və çit parça alıb, sənə yorğan sırıyacam. Boyunun ölçüsündə olsun.

Hüseynağa: Birdən yanılarsan, gəl boyumu ölç. 5 il bundan qabaq 178 sm idi. Hiss edirəm ki, boyum qısalıb.

Gülsənəm metrəni gətirir. Kişinin boyunu ölçür.

Gülsənəm: Yenə 178 santimetrdir. Bəs onda yorğanın niyə gödəlib?

Hüseynağa: Yəqin indiyə qədər ayağımı yorğanıma görə uzatdığımdan bu hiss olunmurdu. Amma görünür ki, indi uzatmıram. Ya uzun yorğan almalıyıq, ya da ayaqlarımı bükməliyəm.

Gülsənəm: Narahat yatmaqdansa, yorğan düzəltmək lazımdır.

Hüseynağa: Yadındadır, bir dəfə lampamız yananda vəzifəli qonşumdan lampa istədim? Məni evə dəvət edəndə gördüm ki, onların döşəkləri elə otaq boydadır. Belə enli və uzun döşək üçün uzun yorğan da hazırlamışdılar.

Gülsənəm: Səncə yorğanın belə uzun olmasının səbəbi nədir? Bəlkə iqtisadi çətinlik baş verdikcə onlar ayaqlarını elə əvvəlki kimi uzatmaqla çətinlikləri belə dəf edirlər.

Hüseynağa: İçdiyim dərmanlardan biri məni yaman iştaha gətirir. Elə yemək istəyirəm. Sənin bu yorğan məsələn çox vaxt apardı. Günorta nə yeyək?

Gülsənəm: Nədənsə beynimə yaman quzu qovurması düşüb. Bəlkə quzu əti alasan, mən də onu qovurum.

Hüseynağa: Ayağını yorğanına görə uzat. Bir azdan deyəcəksən beynimə nərə balığının kababı düşüb. Maaşımıza isə hələ düz 10 gün var...

Gülsənəm: Mənim ayağım yorğanım ölçüsündədir. Onda get “Səba” toyuğu al, onu qızardım.

Hüseynağa: Doğurdan, bu il nərə balığı novbar etməmişik. Görəsən onu 100-150 qram satırlar. Biz də dadına baxaq. Kürünü də dənə-dənə satsalar,  yaxşı olar (Pauza). Məsələn, satıcıya deyirsən ki, 60 dənə kürü ver mənə (Ucadan gülür).

Gülsənəm:  Belə getsə sənə yorğan ala bilməyəcəyik. Sən həm kürü, həm də nərə balığı yemək istəyirsən. Həm də boyuna uyğun gələn yorğan örtmək istəyirsən üstünə. Get 150 qram balıq, 60 ədəd kürü al. Yorğanın da belə qalsın.

Hüseynağa: Mən novbar etmək üçün dedim. Sən novbarla mədəni doldurmağı səhv salırsan. Yaxşı, almıram onları.

(uca səslə davam edir) Hüseynbala müəllim inciyir, incisin. Mən ayağımı yorğanıma görə uzada bilmirəm.

(daha uca səslə deyir) Eşidirsiniz. Uzada bilmirəm!

 

 

 

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol