Mirmahmud Mirəlioğlunun müavini şərtlərini açıqladı
Milli Şuranın 3 may sessiyasında yalnız AXCP üzvlərindən ibarət yeni üzvlərin qəbulunun əleyhinə çıxan Klassik Xalq Cəbhəsi Partiyasının qurumu tərk edib-etmədiyi haqda neçə gündür qeyri-müəyyənlik yaranıb. Bəzi xəbər agentlikləri və qəzetlər KXCP-nin atıq Milli Şuradan istefa verdiyini, bəziləri isə məsələnin hələ açıq qaldığını, vəziyyətə yaxın günlərdə aydınlıq gələcəyini yazırlar.
KXCP sədrinin müavini Xəzər Teyyublu isə dünən “Yeni Müsavat”a bildirib ki, partiyanın İdarə Heyətinin toplantısı keçirilib və Milli Şura ilə bağlı yaranmış vəziyyət müzakirə edilib. Razılıq əldə olunub ki, KXCP üzvləri Milli Şurada fəaliyyətlərini davam etdirsinlər.
“İdarə Heyətindəki razılaşma 3 may sessiyasında Milli Şuradan istefa verən KXCP sədri Mirmahmud Mirəlioğlu və digər bir neçə KXCP üzvünə də aiddirmi” sualına X.Teyyublu belə cavab verdi: “Mediada yanlış məlumat getmişdi ki, Mirmahmud Mirəlioğlu sessiyada Milli Şuradan istefa verdiyini bəyan edib. Mirmahmud bəy fərdi olaraq istefa verdiyini deməyib. Sadəcə, bəyan edib ki, Milli Şuraya bu şəkildə yeni üzvlərin qəbuluna qarşıdır və etirazımız qəbul olunmasa Milli Şuranın fəaliyyətində iştirak etməyəcəyik. Bunu istefa adlandırmaq yanlışdır”.
“Cəmil Həsənli iki gün öncəki açıqlamasında bildirib ki, yeni üzvlərin qəbulu növbəti sessiyada gündəliyə salınacaq. Belə olarsa, KXCP-nin mövqeyi necə olacaq” sualını isə X.Teyyublu belə cavablandırdı: “Bu gün üçün Milli Şuraya keçəndəfəki formada yeni üzvlərin qəbulu marağımızda deyil. Hətta ancaq KXCP üzvlərini də Milli Şuraya daxil etsələr biz bunun əleyhinəyik. Çünki biz Milli Şurada 10 nəfərlə təmsil olunuruq, AXCP-nin də üzvləri var. Biz kənardan, daha nüfuzlu şəxslərin, heç bir partiyanın üzvü olmayan insanların Milli Şuraya gətirilməsinin tərəfdarıyıq. Milli Şuranı bu yolla genişləndirmək daha səmərəli olar. Hətta biz Müsavatın, Liberal Partiyanın, Rəsul Quliyevin Milli Şuradan getmələrini istəmirdik. Milli Şuranı hazırda orada təmsil olunan partiyaların üzvlərinin hesabına yox, orada təmsil olunmayan qurumların, nüfuzlu insanların hesabına genişləndirmək daha düzgün yoldur. Əgər yenə konkret bir partiyanın üzvlərinin Milli Şuraya qəbulu məsələsi olarsa, biz mövqeyimizdə qalırıq. Düşünürük ki, 3 may sessiyasında baş verənlərdən sonra Milli Şuranın Koordinasiya Mərkəzi arzuolunmaz vəziyyətin yaranmasına yol verməz”.


Şərhlər