İşdən çıxarılmış bələdçi rəisin otağında dünyasını dəyişib. Hadisə haqqında məlumatı musavat.com-a dünyasını dəyişmiş bələdçinin iş yoldaşları verib.
Bələdçilərin dediklərinə görə, bir müddət öncə işdən haqsız olaraq, çıxarılmış Rəsul Həşimov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərlərindən olan Rəhman Əbişovun qəbulunda olub. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı halı pisləşən Rəsul Həşimov dünyasını dəyişib. Hadisə bir neçə saat öncə baş verib.
Bələdçilərin dediklərinə görə, R.Həşimov işdən haqsız yerə çıxarıldığı üçün etiraz edib: “Bizim haqqımızı yeyiblər. Buna görə də dəfələrlə etiraz etmişik. Bir çox dövlət orqanlarına müraciət etmişik. Sonuncu ümid olaraq, məhkəməyə də müraciət etdik. Bundan sonra bizə qarşı təzyiqlər başladı. Bələdçiləri yavaş-yavaş, müxtəlif bəhanələrlə haqsız yerə işdən çıxarmağa başladılar. R.Həşimov da onlardan biri idi. O, işdən çıxarıldıqdan sonra bir neçə dəfə şikayət etdi. R.Həşimov dəfələrlə xahiş etdi ki, onu işə geri qaytarsınlar. Onun ailəsinin vəziyyəti çox pisdir. Amma buna məhəl qoyan olmadı. Onu qapıdan qovdular. Bu gün R.Həşimov yenə də Rəhman Əbişovun qəbulunda olub. Bu zaman nə baş verdiyini bilmirik. Amma onu bilirik ki, aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində R.Həşimov dünyasını dəyişib”.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları yanvar ayının 11-dən davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılaraq, yerlərinə beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi, onlara verilməli olan pulların mənimsənilməsi və maaşlarının azaldılmasıdır.

Şərhlər