«ERMƏNİ ŞİRKƏTİNDƏN 200 MİN DOLLAR ALIB!» - İş adamından tanınmış vəkilə ŞOK ittihamlar!

"Bozaçıyanı bildik, Arto Sevan Oskayanın necə, səhhəti, kefi-əhvalı qaydasındadırmı?!"

Xəbər verdiyimiz kimi, uzun müddətdir, Azərbaycanın quşçuluq müəssisələrinə damazlıq yumurta, cücə və toyuq əti satan Türkiyənin "Emre Piliç” şirkətinin rəsmi səhmdarları arasında 2 erməninin olduğu məlum olub.

“AzPolitika”nın araşdırmaları zamanı üzə çıxıb ki, ölkəyə xüsusən də damazlıq yumurta idxalında böyük pay sahibi olan “Emre Piliç” şirkətinin 30 faizi (!) milliyətcə ermənilər Arto Sevan Oskayan və Antranik Raffi Bozaçıyana məxsusdur. Azərbaycanın əksər quşçuluq təsərrüfatları Oskayan və Bozaçıyanın şirkətindən damazlıq yumurta alıblar, onlardan bəziləri bu gün də erməni şirkəti ilə əməkdaşlığı davam etdirirlər. Məsələn, cəmi 3 gün əvvəl “Qaraqaşlı” broylerin “Emre Piliç” şirkətindən 150 min damazlıq yumurta aldığı haqda “AzPolitika”ya məlumat daxil olub.

Erməni şirkəti ilə məhkəmə çəkişməsi…

Erməni şirkətinin Azərbaycanla əməkdaşlığı üzə çıxdıqdan sonra bu şirkətin bəzi azərbaycanlı tərəfdaşları ilə borc üstündə məhkəmə çəkişməsinin də olduğu məlum olub. Bu barədə tanınmış vəkil Aslan İsmayılov məlumat verib. O da məlum olub ki, A.İsmayılov bu çəkişmədə “Emre Piliç” şirkətinə vəkillik edir.

Tərəflər arasında məhkəmə çəkişməsi hələ ki, başlamayıb. Amma A.İsmayılov həmişəki kimi, artıq hücumdadır. Vəkil "Facebook"da bu barədə yazır ki, bu ilin may ayında Türkiyədə tanıdığı çox nüfuzlu bir şəxs bir iş adamını qəbul edib bacardığı köməkliyi göstərməsini xahiş edib. Az sonra Bakıda “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin sahiblərindən biri Ömür Oralla görüşdə ona məlum olub ki, sahibi olduğu şirkət Azərbaycan broylerlərindən birinə (Siyəzən broyler) göndərdiyi yumurtalara görə, təxminən 1 milyona yaxın ABŞ dollarını ala bilmir. Vəkil, təxminən 3 ay sənədlərlə tanış olduqdan sonra Sumqayıt İnzibati-İqtisad Məhkəməsində borclu ASC-yə qarşı iddia qaldırıb. Lakin az sonra bəlli olub ki, bu ASC “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nə borclu olduğu 3 milyon 800 min ABŞ dolları civarında pulu son sentinə qədər özünü türk şirkətinin nümayəndəsi kimi təqdim edən Mürvət Həsənov adlı şəxsə ödəyib.

“Bütün maraqlı hadisələr bundan sonra bəlli oldu. Bu barədə Ömür Oralla danışdıqda bilindi ki, həqiqətən onlar Azərbaycana göndərdikləri malların ödənişinin təmin edilməsi üçün Mürvət Həsənova hər yumurta üçün bir sent vermişlər və müəyyən müddət də bu qaydada işləmişlər, ancaq 2015-ci ildən borc 3 milyon 800 min ABŞ dollarına çatdıqda M.Həsənovun xahişlərinə baxmayaraq, onlar yumurta göndərməyi dayandırıb pulun tam ödənilməsini tələb etmişlər”.

1 milyon 300 minlik borc

dollar azpolitikaA.İsmayılovun yazdığına görə, M.Həsənov onlara bildirib ki, borclu ASC borcunu ödəməkdən imtina edir. Qarşı tərəf israr etdikdən sonra M.Həsənov Ömür Orala borcların qaytarılmasına çalışacağını bildirib. Bundan sonra M.Həsənov onlara təxminən 2 milyon dollar göndərib, qalan borcun isə ödənilməsinin mümkünsüz olduğunu bildirib.

Vəkil yazır ki, bunları biləndən sonra sözügedən ASC-ni təmsil edən şəxslərlə anlaşıblar ki, belə olan halda onlara heç bir irad yoxdur, ancaq onlar bu barədə rəsmi strukturlara ödəniş sənədlərini təqdim etsinlər. “Belə də oldu. Həmin şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət etdilər. Bundan dərhal sonra M.Həsənov Ömür Orala müraciət edərək borcu tam ödəyəcəyini, buna görə istənilən yerdə və vaxtda onunla görüşüb problemləri həll etməyə, borcu tam qaytarmağa hazır olduğunu bildirdi”.

Vəkilin bildirdiyinə görə, tərəflər arasında razılıq əldə olunur. Ömür Oral borcun müəyyən hissəsindən imtina edib və qaldırdığı iddiadan çəkilib, M.Həsənov isə “Siyəzən Broyler” ASC-yə olan 894 min ABŞ dolları və özünün şəxsi şirkətinə aldığı yumurtalara görə 527 min ABŞ dolları borcunu, ümumilikdə 1 mln 427 min ABŞ dollarını 15 dekabr 2016-cı ilə qədər tam ödəmək öhdəliyi götürüb. Bundan sonra Ömür Oral bir qədər də güzəştə gedib və borcu 1 milyon 300 min ABŞ dollarına qədər endirir və bu barədə videoçəkiliş aparılmaqla, borc müqaviləsi imzalanıb (A.İsmayılov dünən keçirdiyi brifinqdə bu videoçəkilişi də təqdim edib.).

Vəkilə 300 minlik təklif?

A.İsmayılov mövzuya dair geniş “Facebook” yazısında bundan sonra M.Həsənovu hədəfə götürür və ona qarşı ciddi ittihamlar irəli sürür. İddia edir ki, M.Həsənov onu “Emre Piliç”in müdafiəsindən çəkindirmək üçün 300 min dollar təklif edib, “Emre Piliç”lə tərəfdaşlıq edən şəxslərə təzyiq etməyə çalışıb, A.İsmayılovla söhbətlərini gizli yazıb və çəkib. “Əgər onunla mənim aramda olan söhbətlərə arxalanırsınızsa, istədiyiniz kimi istifadə edin. Orada dediklərimi buradan da təkrarlayıram. Bu ölkənin hüquq-mühafizə orqanları, məhkəmələri və digər vəzifəli şəxsləri hamını rəzil günə saldığını Mürvətlə söhbətdən başqa həmişə demişəm və yenə deyirəm.

“Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” isə öz mükəmməl işi ilə Türkiyədə ən böyük yumurta istehsal edən şirkətdir, Azərbaycandan başqa 14 ölkəyə də mal ixrac edir. Şirkətin sahiblərindən biri, Türkiyədə nüfuzlu iş adamlarından sayılan Ömür Oral Türkiyə ixracatçılar Məclisinin Su və Heyvan mənşəli məhsullar birliyinin İdarə heyətinin üzvüdür. Azərbaycana gəldikdə isə həqiqətən Azərbaycanda quşçuluğun inkişafının məhz bu şirkətlə bağlı olduğunu bu sahədə çalışanların hamısı bilir”.

Dünənki brifinqdə isə vəkil iş adamına qarşı daha sərt ittihamlar irəli sürüb və onu MTN-lə bağlayıb. Sitat: “Mürvət Həsənovun 12 kirvəsi olub. Həmin şəxslərin hər biri MTN-dən keçib, başlarına oyunlar gətirilib. 3 iş adamı var ki, Mürvət Həsənovun əli ilə MTN-ə aparılıblar, birindən 300, o birindən 500, digərindən isə 1 milyon alıblar. Bu haqda məlumatlıyam. Akif Çovdarovun ödladlarının toyu onun “Xəmsə” restoranında olub, bağ evlərində baş tutan nəvələrinin ad günlərində “Xəmsə”nin ofisiantları xidmət göstərib, yeməklər “Xəmsə”də bişirilərək həmin məclislərə aparılıb. Mən hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, bu məsələlər də araşdırılsın".

“Bozaçıyan 3 ildir komadadır...”

Mövzunun ən maraqlı hissəsi – “Emre Piliç”in sahiblərindən ikisinin erməni olması faktı üzərindən isə A.İsmayılov ötəri keçib. “Adı çəkilən şirkətin ermənilərə məxsus olması isə daha maraqlı söhbətdir. Bunu M.Həsənov heç vaxt bilə bilməzdi. Məhz kirvə olduqlarına görə Ömür Oral özü Mürvətə demişdi ki, ermənilərə məxsus, indi dəqiq deməyəcəm 5%, yaxud 15%-i faktiki olaraq alsalar da, rəsmiləşdirə bilmirlər. M.Həsənov hamıdan yaxşı bilir ki, pay sahibi Raffi Bozaçiyan 3 ilə yaxındır ki, İstanbulun Amerikan xəstəxanasında koma vəziyyətində aparata qoşulu olduğundan nə özü, formal olaraq sağ olduğundan nə də vərəsələri rəsmiləşdirə bilmir”.

“Aslan İsmayılov nəyin xatirinə yarıerməni şirkətinə vəkillik edir?”

Vəkil Aslan İsmayılovun bu ittihamlarına qarşı tərəfin – iş adamı, respublikada böyük damazlıq şirkətinin direktoru və sahibi Mürvət Həsənovun cavabı sərt olub. M.Həsənli “AzPolitika.info”ya açıqlamasında vəkili “həmişəki kimi şantaj və böhtanla məqsədinə çatmağa” çalışmaqda ittiham edib, “Emre Piliç”in yarıerməni şirkəti olduğunu sübut edən sənədləri təqdim edib.

"Emre Piliç" şirkətində rəsmi pay bölgüsü

“Aslan İsmayılov açıq şantajla məşğuldur. Adamda az da olsa milli təəssübkeşlik olar! Mən “Emre Piliç”in yarısının ermənilərə məxsus olduğunu bildikdən sonra, biznes maraqlarıma zidd olsa da, bu şirkətlə əməkdaşlığa son qoymuşam. Halbuki, özümü bilməməzliyə vurub pulumu qazanmaqda davam edərdim. Bəs Aslan İsmayılov nəyin xatirinə yarıerməni şirkətinə vəkillik edir? Axı başqa vaxt o özünü millətçi, vətənpərvər kimi təqdim edir. Nooldu, erməninin dollarlarını görən kimi, vətənpərvərlik də, milli təəsübkeşlik də, Qarabağ da yaddan çıxdı?”

M.Həsənli deyir ki, “Emre Piliç”lə əməkdaşlığa son qoyduqdan sonra aralarında müəyyən haqq-hesab qalıb. Tərəflər arasında razılıq əldə olunmadığından iş məhkəməyə gedib. “Hər şey məhkəmədə araşdırılacaq və hüquqi qiymətini alacaq. Məhkəmə hansı qərarı verəcəksə o da olacaq. Həqiqi vəkil, hüquqa hörməti olan bir şəxs sözünü məhkəmədə deyər və məhkəmənin qərarını gözləyər. Hələ məhkəmə başlamamış sosial şəbəkələrdə şantaja başlamaq vəkillik deyil! Aslan İsmayılovun yazdıqlarının böyük əksəriyyəti böhtan və şantajdır. Onun Azərbaycan xalqının qarşısına çıxmağa üzü olmamalıdır! Tutaq ki, mən həqiqətən də yarıerməni şirkətinə olan borcumu ödəyə bilmirəm. Erməninin vəkilliyini etmək etmək Aslan İsmayılova qalıb?! Erməni şirkətindən “qonorar” almağa utanmayacaqmı? Camaatın gözünə kül üfürməsin, "Emre Piliç" tərəfindən ona ödənəcək hər bir dolların ən azı 30 senti erməni pulu olacaq!”

“Oskayanın necə, səhhəti, kefi-əhvalı qaydasındadırmı?!”

M.Həsənov deyir ki, A.İsmayılovun guya “Emre Piliç”də 5, ya 15 faizin erməniyə məxsus olduğu, onu da Oralların satın aldığı haqda iddiası əsassızdır - bilərəkdən, məqsədli şəkildə erməni faktorunu kiçiltməkdir. Bu şirkətin ən azı 30 faizi ermənilərə məxsusdur. “Sizə təqdim etdiyim sənədlərdən də gördüyünüz kimi, “Emre Piliç”in səhmlərinin 15 faizi Arto Sevan Oskayan, 15 faizi isə Antranik Bozaçıyan adlı ermənilərə məxsusdur. Digər 15 faiz payçı Mert İbrahim Daştanın isə həyat yoldaşının erməni olduğu bildirilir. Aslan İsmayılov deyir Bazoçıyan komada olduğu üçün Orallar guya ondan aldıqları hissəni rəsmiləşdirə bilmirlər. Mən burdan Aslan İsmayılova sual vermək istəyirəm: Bozaçıyanı bildik, Arto Sevan Oskayanın necə, səhhəti, kefi-əhvalı qaydasındadırmı?! Artonun səhhəti ilə bağlı da Azərbaycan xalqını məlumatlandıra bilərsinizmi? Onun da səhhətinin qayğısına qalın, birdən başına bir iş gələr, dollar paçkalarınız gəlib çıxmaz”.

"Kimdir bu 3 adam? Niyə adlarını çəkmir?"

MTN-lə, Akif Çovdarovla əlaqələri haqda ittihamlara gəlincə, M.Həsənov deyir ki, vəkilin bu ittihamları ucuz böhtançılıqdan başqa bir şey deyil. "A.İsmayılov nəzərə alsın ki, şantajın, şərləmənin bu üsulu artıq dəbdən düşüb. Deyir mən 3 adamı MTN-ə apartdırmışam. Kimdir bu 3 adam? Niyə adlarını çəkmir? Ad çəksin, mən də bilim ki, kimlərdir onlar. MTN-lə bağlı 1 ildən artıqdır istintaq gedir, yüzlərlə zərərçəkmiş ortaya çıxaraq istintaqa və KİV-lərə müraciət edib. Niyə Aslanın dediyi adamlardan bir nəfəri ortaya çıxıb demədi ki, mənim də başıma belə bir iş gəlib, səbəbkarı da Mürvət Həsənovdur? Bəli, Çovdarovun oğlunun toyu mənim restoranımda olub. Bu, təxminən 10 il əvvəlin söhbətidir. O vaxt Çovdarov yüksək vəzifə tutmurdu, cəmiyyət də onu tanımırdı. İndiki kimi barəsində cinayət ittihamları da səslənmirdi ki, biz onu restoranımıza yaxın buraxmayaq, deyək ki, bu cinayətkardır. Bu illər ərzində mənim restoranımda yüzlərlə, vəzifəli-vəzifəsiz şəxsin övladının toyu olub. Onlarla dövlət tədbiri keçirilib. İndi belə çıxır ki, mənim onlarla hansısa gizli əlaqələrim olub? Bu nə yaramaz iddiadır? Digər tərəfdən bu söhbətlərin mahiyyətə nə aidiyyatı var? A.İsmayılov sənədli-sübutlu erməni şirkətini müdafiə etməsindən diqqəti yayındırmaq üçün daha hansı böhtanlara əl atacaq?"

  “Siz deyəndəki 3 dəfə prezident olmaq şansınız olub...”

İş adamı deyir ki, Aslan İsmayılov aralarında olan söhbətləri də qəsdən təhrif edərək ictimailəşdirir, bu yolla onu hədəfə gətirmək istəyir: “Əvvəla, kişinin yanında baş kəsərlər! Tutaq ki, mən sizi kişi bilib, nəsə demişəm, bunu niyə el-aləmə yayırsınız? İkincisi, mən heç vaxt hansısa erməni ortağının yanında öz ölkəmin, dövlətimin əleyhinə danışmamışam, danışmaram! Bu gün mən nəyə nail olmuşamsa, bu dövlətin, onun Prezidentinin apardığı siyasətin hesabına nail olmuşam. Sizin ikili söhbətlərimizdə danışdıqlarınız isə, özündərazılığı xəstəlik halına çatmış adamın dedikləri idi. Siz deyəndə ki, indiyədək 3 dəfə prezident olmaq şansınız olub, 2013-cü ildə Rusiyadakı milyarderlər sizə onların prezidentliyə vahid namizədi olmaq təklifini göndəriblər, ancaq siz bu təklifdən imtina edibsiniz, istəsəniz prezident ola bilərsiniz, mənim daxilən sizə gülməkdən başqa çarəm qalmamışdı. Fikirləşirdim ki, normal adam belə şeyləri necə fikirləşə bilər?”

M.Həsənli iddia edir ki, A.İsmayılov “Emre Piliç”in sahibləri ilə 200 min dollarlıq anlaşma əldə edib. “Təbii ki, bu böyük məbləğdir və təkcə vəkillik xidmətinə görə verilə bilməz. Bizdə olan məlumata görə, A.İsmayılov onları inandırıb ki, işin müsbət həllinə nail olmaq üçün Azərbaycanda yüksək vəzifəli şəxslərə rüşvət verilməlidir. Guya bu 200 min dolların da çox hissəsini məmurlara rüşvət kimi verərək, problemlərini həll edəcək. İndi kimdir dələduz?”

İş adamı sonda onu da bildirdi ki, barəsində təhqirlərə yol verdiyinə, böhtanlarla işgüzar nüfuzuna xələl gətirdiyinə görə Aslan İsmayılovu məhkəməyə verməyi və bu barədə Prezident İlham Əliyevə müraciət göndərməyi düşünür.

V.Nəsibov

"Emre Piliç" şirkətinin ən azı 30 faizinin ermənilərə məxsus olduğunu sübut edən rəsmi sənədlər:

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar