«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə Ali komisarı Zeyd əl-Hüseyn bəyan edib ki, Filippin hakimiyyəti ölkə Prezidenti Rodriqo Dutertenin fəaliyyətini araşdırmalıdır. Xəbəri «The Philippine Star» nəşri yayıb.
«İnsan özünün qatil olduğunu etiraf etdiyi təqdirdə, fəaliyyətdə olan ixtiyari məhkəmə sisteminin bununla bağlı istintaq hərəkətinə başlamamasını ağıla gətirmək mümkün deyil» - deyə, əl-Hüseyn bildirib və ardınca qeyd edib ki, Filippinin məhkəmə sistemi özünün müstəqilliyini nümayiş etdirməlidir.
Dekabrın 12-də Duterte əhali qarşısında çıxışı zamanı, cinayət törətmiş insanları qətlə yetirilməsi prosesində şəxsən iştirak etdiyini boynuna alıb. Onun sözlərinə görə bu, hələ Davao şəhərinin meri olarkən baş verib. «Mən, Davaoda bunu müstəqil şəkildə edirdim. Məhz ona görə edirdim ki, polisə örnək olsun və onlardan tələb edim: Mən bunu edirəmsə, siz niyə edə bilmirsiniz?»-deyə, Duterte bəyan etmişdi.


Şərhlər