Müdafiə Nazirliyindən kütləvi informasiya vasitələrində ötən gecə erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində bir neçə Azərbaycan əsgərinin qətlə yetildiyi barədə yayılan məlumatlara cavab gəlib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yayılan məlumatlar yalandır: “Bu məlumatlar yalandır. Təxribatdır. Belə bir şey yoxdur”.
Erməni silahlı bölmələri Tərtər rayonu istiqamətində atəşkəsi pozublar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün gecə saatlarında Tərtər rayonu müxtəlif istiqamətlərdən atəşə tutulub. Atəşkəsin şiddətli xarekter daşımadığı bildirilir. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Məlumata görə, atəşkəsin pozulması nəticəsində hərbçilərimiz arasında ölən və xəsarət alan olmayıb. Hazırda bölgədə sakitlik hökm sürür.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, belə bir hadisə baş verməyib, informasiyada adları qeyd olunan şəxslər, ümumiyyətlə, Silahlı Qüvvələrdə xidmət etmir, bu məlumatın heç bir əsası yoxdur və yayılan xəbər təxribat xarakteri daşıyır: “Təəssüf doğuran isə odur ki, Müdafiə Nazirliyi baş verən hər bir hadisə ilə bağlı rəsmi açıqlama verməsinə və məlumatların ilkin mənbədən dəqiqləşdirilməsi barədə dəfələrlə kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət etməsinə baxmayaraq, belə dezinformasiya xarakterli xəbərlər yenə də yayılır və ictimaiyyəti çaşdırmağa cəhd göstərilir”.
Müdafiə Nazirliyi növbəti dəfə KİV-ə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək, Silahlı Qüvvələrlə bağlı verilən məlumatlara milli təhlükəsizlik mənafelərinin qorunması baxımından daha həssaslıqla yanaşmalarını tövsiyə edir.
Qeyd edək ki, JAM.az saytı xəbər verib ki, dünən gecə ermənilər növbəti dəfə Azərbaycan Ordusunun Tərtər istiqamətində atəşkəsi pozublar.
Düşmən cəbhə xəttini keçərək, Azərbaycan Ordusunun nəzarətində olan postlarımızı ələ keçirməyə cəhd edib. Düşmənin qarşısı alınsa da, əks hücum itkisiz olmayıb.
Şəhid hərbçilərimizin adları məlum olub:
Fərid Əliyev- 19 yaş
Cahangiz Muradov 19 yaş (manqa komandiri)
Ramazan Abdullayev 23 yaş (leytenant)
Qurban Həsənov 24 yaş (leytenant).


Şərhlər