“Müstəqillik əleyhinə olan qüvvələr ölkədə at oynadır”
Mayın 11-də Ukraynanın daha bir bölgəsində Rusiyadan dəstək alan separatçılar qanlı hadisələrlə müşayiət olunan “referendum” keçirdilər. Proseslərin hansı məcrada davam edəcəyi Azərbaycanın da bəzi çevrələrində həyəcanla müzakirə olunmaqdadır. Bu məsələlərlə bağlı “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidenti, siyasi analitik Eldar Namazovun musavat.com-a msahibəsini təqdim edirik.
- Eldar bəy, “Eurovison” musiqi yarışmasını izlədinizmi? Azərbaycanın bu dəfə keçən illərdən fərqli olaraq çox zəif nəticə göstərməsinin səbəbi, sizcə, nə oldu?
- Tam izləyə bilmədim, amma nəticələrdən xəbərim var, bəzi hissələrini gördüm. Builki “Eurovison”la bağlı Azərbaycanın apardığı hazırlıq işləri əvvəlki illərdən xeyli zəif idi, bu, hiss olunurdu. Dilarə xanım gözəl müğənnidir. Amma hamı başa düşür ki, bu müsabiqədə iştirak edən adamların arxasında gərək böyük bir dəstək olsun, onlar böyük bir komanda ilə iştirak etsinlər. Onların mahnısından tutmuş aranjemanına kimi hər məsələdə böyük dəstək tələb olunur ki, hətta yaxşı müğənni də uğurla çıxış etsin. Azərbaycan vaxtilə “Eurovision” da qələbə çalmağa çox can atırdı, bu, hiss olunurdu, hər il də bu məqsədə çatmaq üçün böyük dəstək var idi. Nəhayət, bu məqsədə çatandan və musiqi yarışması Bakıda keçiriləndən sonra hakimiyyət üçün bu mahnı bayramı çox ciddi başağrısına da çevrilib. Ona görə ki, həm ölkədə, həm də Avropada Azərbaycanda insan haqları sahəsindəki problemlərlə bağlı kampaniya başladı. Hətta “Eurovison”un qalibi Bakıdakı müsabiqədə iştirak edərkən buna etirazını bildirdi. Həmin yarışmanın Bakıda keçirilməsi eyni zamanda insan haqları, demokratiya ilə bağlı problemləri üzə çıxartdı və hakimiyyətə ciddi zərbə oldu. Məncə artıq hakimiyyətin “Eurovison”la bağlı əlləri soyuyub. Azərbaycan müğənniləri təbii ki, o müsabiqədə iştirak edirlər və edəcəklər. Ancaq əvvəlki illər kimi qələbəyə can atmaq hissi artıq görünmür. Çünki qələbə o deməkdir ki, yenidən müsabiqə Bakıda keçirilməli və o prosesləri təkrar yaşamaq lazım olacaq.
- Azərbaycanın Rusiyaya 12 bal verməsi gözlənilən idimi?
- Azərbaycanın Rusiyaya ən yüksək bal verməsi bir tərəfdən təəccüblü görünür. Ona görə ki, Rusiya nümayəndələri qələbə uğrunda mübarizə aparmırdılar. Bu dəfə qələbə uğrunda mübarizə aparmırdılar və onlar yüksək bala layiq tamaşa göstərmədilər. Ancaq o konyuktura, siyasi mesaj baxımından bu, gözlənilən idi. Çünki keçən il Rusiyadan Dina Qaripova çıxış edəndə ən böyük sensasiya baş verdi, Azərbaycan Rusiyaya bal vermədi. Hansı ki, Dina qələbə uğrunda mübarizə aparırdı, güclü bir sənətkardır və güclü bir şou hazırlamışdı. Bu məsələ qalmaqal doğurdu. Hətta səfir Polad Bülbüloğlu bəyanat verdi ki, Azərbaycan prezidenti tapşırıq verib araşdırılsın ki, necə cür ola bilər Azərbaycan belə gözəl ifaya sıfır bal versin. Bəlli idi ki, keçən ilin borcunu qaytarmaq məqsədilə Azərbaycan bu il müğənnisi qat-qat zəif olan Rusiyaya yüksək səs verdi.
- Bu məsələdə Azərbaycandakı “beşinci kolon”un xidmətləri nə dərəcədə oldu?
- Son günlər Rusiyaya müxtəlif mesajlar göndərilir. Məsələn, Qələbə günündə Bakı şəhərinin mərkəzində “Georgiyev lentləri”ni paylayan gənclər peyda oldu. Ən maraqlısı odur ki, polis onların hərəkətlərinə müdaxilə etmirdi. Halbuki şəhərin mərkəzində gənclər başqa məsələ ilə bağlı kiçik bir tədbir keçirtmək istəyəndə polis onlarla nə cür davranır, bu, hamıya bəllidir. Hətta Rusiyaya ən yaxın dövlətlərdə, Qazaxıstan və Belarusda “Georgiyev lentləri”nin istifadəsi qadağan edilib. Ona görə ki, Krım hadisələrində, Ukraynanın cənubunda və şərqində baş verən təxribatlarda separatçıların əsas brendi məhz bu “Georgiyev lenti”dir. Azərbaycanda isə hansısa qruplara imkan yaradılır ki, Bakının mərkəzində “Georgiyev lentləri”ni paylasınlar. Bunun da özündə Rusiyaya müəyyən bir mesaj var.
“Xarici təhlükələrin bunca artdığı dövrdə ölkədə birlik yaratmaq lazımdır”
“Georgiyev lentləri”ndən indi çox yazırlar. Əslində hər bir ölkənin özünün brendini seçmək hüququ var. Rusiyada sovetlər birliyində qadağan olunmuş, ancaq Çar Rusiyasında ən populyar ordenlərdən olan “Georgiyev ordeni”ni bərpa edirlərsə və “Georgiyev lenti”ni bərpa etməyə çalışırlarsa, bu, onların öz işidir. Ancaq iki məsələni nəzərə almaq lazımdır: birincisi, bu, Böyük Vətən Müharibəsinə aid ola bilməz. Çünki bu müharibədə təkcə Rusiya iştirak etməyib, Sovetlər Birliyinə daxil olan xalqlar və respublikalar iştirak edib. Böyük Vətən müharibəsində də “Georgiyev lentləri” sovet qoşunlarında istifadə olunmurdu, əksinə, o vaxt Hitlerin tərəfində vuruşan Vlasov ordusu “Georgiyev ordeni”ni və lentini bərpa etmişdilər. Rəsmi olaraq sovetlərə qarşı Hitlerin tərəfində vuruşan orduda “Georgiyev lenti” əsas brend idi. Ona görə də tarixi bu qədər saxtalaşdırmaq olmaz. Bunu Qələbə gününün brendi kimi təqdim etmək həm tarixi saxtakarlıq və tarixə hörmətsizlikdir, həm də son vaxtlar “Georgiyev lenti”ni separatizmin brendinə çeviriblər.
Nədənsə, Azərbaycan rəsmiləri buna ötəri baxırlar, hesab edirlər ki, heç bir problem yoxdur. Ancaq əslinə qalsa, bu, xırda məsələ də deyil. Həm tarixi obyektivlik, həm siyasi amil baxımından Azərbaycan paytaxtındakı belə hərəkətlər yolverilməzdir. Ancaq bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəndən, BMT səsverməsində bunu açıq nümayiş etdirəndən sonra çoxlu spekulyasiyalar gedir ki, Rusiyanın növbəti hədəfi Qarabağ ola bilər. Nəzərə alaq ki, ermənilər daim məhz böyük geopolitik təlatümlər, regionda ciddi dəyişikliklər olanda niyyətlərinə çatmağa can atıblar. Çar Rusiyası dağılanda bizim tarixi ərazilərimizdə qondarma Ermənistan dövlətini yaratdılar. SSRİ yarananda Zəngəzuru Azərbaycandan aldılar və Dağlıq Qarabağ ermənilərinə muxtariyyət statusu verdilər. SSRİ dağılanda Dağlıq Qarabağı işğal etdilər. İndi də Ukraynada baş verən hadisələrin bütün regionlara təsiri var və bundan sonra da hadisələrin inkişafından asılı olaraq bu təsir güclənə bilər. Sözsüz ki, siyasi baxımdan riskli bir dövrə qədəm qoyuruq, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə çox ciddi təhlükələr var. Növbəti dəfə də ermənilər öz oyunlarına başlayıblar. Avropa ilə assosiasiya sazişindən imtina edib, Gömrük İttifaqına daxil olub və BMT-nin bütün səsvermələrində Rusiyanın mövqeyindən çıxış edirlər. Təbii ki, bunun da əvəzində onların Rusiyadan umacağı Dağlıq Qarabağ məsələsində ermənilərin marağına uyğun çox ciddi nəticə əldə etməkdir. Ona görə də biz bütün bunları nəzərə almalıyıq.
- Azərbaycan belə riskli mərhələyə hazırdırmı? Ölkənin həm daxili durumu, həm beynəlxalq aləmdə mövqeləri kifayət qədər güclüdürmü ki, bu riskləri dəf edə bilək?
- Təəssüf ki, həm xarici, həm də daxili siyasət baxımından çox ciddi problemlərlə üz-üzə qalmışıq. Azərbaycan son illər Rusiya ilə Qərb arasında müəyyən neytral mövqe tutmağa çalışırdı. Bunun bəzi mərhələlərdə müəyyən müsbət effekti də olur. O mənada ki, geosiyasi mübarizə Azərbaycanın ətrafında getmir, ölkəmiz neytrallığını saxlayır. Ancaq Azərbaycandan asılı olmayaraq, bütün region geosiyasi mübarizənin meydanına çevriləndə onda ortaya problem çıxır ki, ölkəmizin etibarlı, onu axıra qədər müdafiə edə biləcək dövlətlər, bloklar varmı, ərazi bütövlüyü və suverenlik məsələsində kimə tam arxalana bilərik. Artıq neytral mövqe tutan ölkələr üçün ciddi problemlər başlayır. Məsələn, Ermənistanın konkret olaraq qarantı var, bu da Rusiyadır.
Qarant münasibətlərini də həm ikitərəfli müqavilələrlə rəsmiləşdiriblər, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində. Ermənistan ərazisində Rusiya hərbi bazası var. Aydındır ki, bu, çox ciddi qarantiyadır və Ermənistanın arxasında belə real güc dayanıb. Azərbaycan özü üçün belə bir qarantiyaları nə siyasi müqavilələr, nə də real hərbi əməkdaşlıq müqavilələri çərçivəsində hələ ki, əldə etməyib.
- Belə bir ərəfədə reallıqla barışıb hansısa şərtlər daxilində Rusiyaya güzəştə getməklə bağlı təşəbbüslər də müzakirə mövzusu oldu...
- Hakimiyyətə yaxın olan qüvvələr tərəfindən belə bəyanatların verilməsi, beş altı gəncin 40-50 “Georgiyev lenti” paylaması televiziyada göstərmək, ya da “Eurovision” da Rusiya nümayəndəsinə ən yüksək bal vermək kimi jestlərlə ola bilsin ki, kimlərsə Kremli yumşaltmağa çalışır. Ancaq nəzərə almaq lazımdır ki, min illik imperiya ənənəsi olan dövlətdən söhbət gedir. Son proseslər göstərir ki, Rusiya hakimiyyətində kifayət qədər sərt, təcavüzə meylli və heç bir beynəlxalq qanunlara riayət etməyən qüvvədir. Ona görə də bu məsələlərə kifayət qədər ciddi yanaşmaq lazımdır. Son dövrlərdə Dağlıq Qarabağ problemi ilə bağlı müəyyən spekulyasiyalara da yol verilir.
- Siz ABŞ-dan gələn bəyanatı nəzərdə tutursunuz...
- Bəli. Təbii ki, Amerikanın Qarabağla bağlı öz mövqeyini bu günlərdə açıqlaması çox vacib bir addımdır. Burda söhbət təkcə münaqişə tərəflərinə mesaj verməkdən getmir. Orda Azərbaycan və Ermənistana yönələn mesajlar var. Amma ABŞ üç həmsədrin adından yox, öz adından açıqlama verirsə, bu, eyni zamanda Rusiyaya mesaj idi ki, Vaşinqton bu regiona hansısa regional, geosiyasi avantüraların baş verməsinin qəti əleyhinədir.
- Azərbaycanın daxilində hansı addımların atılmasına zərurət görürsünüz?
- Çox təəssüf ki, ətrafımızda baş verən təhlükəli proseslərə biz daxili siyasət baxımından da tam hazır deyilik. Sözsüz ölkənin daxilində əsas məsələlər ətrafında müəyyən bir milli birlik və milli konsensus olmalıdır ki, bütün millətin potensialı beynəlxalq təhlükələrin alınmasında vahid qüvvə kimi istifadə olunsun. Ancaq ölkənin daxilində də bu hakimiyyətin demokratik qüvvələrə, müxalifətə qarşı siyasəti daha da kəskinləşir, aqressivləşir. Son dövrlərdə baş verən hadisələrə baxaq. Həm NİDA-çı gənclərin, həm İlqar Məmmədov, Tofiq Yaqublunun məhkəmələri, həm 10 ilə yaxındır həbsdə olan Əli İnsanovun Avropa Məhkəməsinin qərarına məhəl qoyulmaması Rauf Mirqədirov məsələsi və onun ətrafında gedən proseslər göz önündədir. Biz görürük ki, daxili siyasət daha sərt və aqressiv şəkildə həyata keçirilir. Gözümüzün qabağında beynəlxalq təcrübələr var. Böyük Vətən müharibəsindən öncə SSRİ-nin daxilində repressiya dalğası baş alıb gedirdi.
Ona görə də müharibə başlayanda ölkə çox zəif durumda idi və müharibənin ilkin mərhələsində uduza-uduza gedirdi. O zaman müəyyən addımlar atıldı, repressiyalara məruz qalan insanları azad etdilər, ölkə daxilində “xalq düşməni” elan olunan ziyalılar, inanclı insanların hüquqları bərpa olundu, onlarla barışıq elan edildi. Böyük müsibətlər və çətinliklərlə işğalın qarşısı alındı. İndi Azərbaycan hakimiyyəti öz siyasi opponentlərinə qarşı sərt addımlar atır, heç bir günahı olmayan gənclərimizə ağlasığmaz ağır cəzalar verir, müstəqil ziyalılara, QHT-lərə qarşı təzyiqləri davam etdirir. Ancaq bu insanlar həm Azərbaycanın gələcəyini demokratik quruluşla bağlayan şəxslərdir, həm də Azərbaycanda insan haqlarının müdafiəçi üçün azad seçkilər, söz azadlığı, ədalətli məhkəmə sistemi və digər islahatlar uğrunda mübarizə aparırlar.
Eyni zamanda bu insanlar öz vətənini o qədər sevirlər ki, haqq-ədalətin bərpası üçün həbsdə də yatmaqdan çəkinmirlər. Məhz onlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda fədakar mübarizəyə hazır insanlardır. Çünki onların ideyasında təkcə demokratik yox, həm də müstəqil Azərbaycan uğrunda mübarizə durur. Vaxtilə xalqımız müstəqillik uğrunda nə cür fədakarlıqla mübarizə aparıbsa, indi də onlar həmin fədakarlıqla Azərbaycanın demokratik olması uğrunda mübarizə aparır. Ancaq müstəqillik uğrunda mübarizə aparmayan qüvvələr Azərbaycanda at oynadırlar. Sabah reallaşa biləcək xarici təhlükələri dəf etmək üçün onlar bu fədakarlığı görəcəyikmi? Xarici təhlükələrin bu qədər artdığı bir dövrdə ölkə daxilində birlik yaratmaq lazımdır. Fərdli siyasi baxışları, yanaşmaları kənara qoyub Azərbaycanı bu çətin şəxsiyyətdən çıxartmaq üçün bütün cəmiyyəti səfərbər etmək lazımdır. Təəssüf ki, biz bunun əksini görürük. Nəzərə alsaq ki, bu günə kimi beynəlxalq əlaqələrdə də biz etibarlı hərbi, siyasi qarantiyalarımızı formalaşdıra bilməmişik, üstəlik, ölkənin daxilində cəmiyyəti parçalayan, siyasi qüvvələri üz-üzə qoyan, narazılığı gün-gündən artıran siyasət bizi daha da zəiflədir.

Şərhlər