Menu

Nuranə, yoxsa Natalya? - İstanbulda ölən qızla bağlı yeni məlumatlar - YENİLƏNİB

03.01.2017, 13:54
Nuranə, yoxsa Natalya? - İstanbulda ölən qızla bağlı yeni məlumatlar - YENİLƏNİB

Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum zamanı törədilmiş terror aktı nəticəsində Azərbaycanın iki vətəndaşı yaralanıb.

Bu barədə "Report"un Türkiyə bürosuna Türkiyə Səhiyyə Nazirliyindən bildirlib.

Məlumata görə, hadisə zamanı xəsarət alan iki azərbaycanlı - Günel Həsənova və Rəşad Vəliyevin səhhəti normaldır: “Günel Həsənova yüngül xəsarət alıb, Rəşad Vəliyev isə güllə yarası alıb, hazırda vəziyyəti yaxşıdır”.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan isə "Report"un Türkiyə bürosuna bildirilib ki, terrorda sadəcə iki Azərbaycan vətəndaşı yaralanıb: “Mütəmadi olaraq Türkiyə rəsmiləri və aidiyyəti qurumlarla əlaqə saxlayırıq. Terror zamanı həlak olan Nuranə Həsənova isə Azərbaycan vətəndaşı olmayıb. Belə bir şey olsaydı, ilk bizim xəbərimiz olardı. Cənazələr rəsmi icazə verildikdən sonra ölkələrinə göndəriləcək".

Rusiyanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, Nuranə Ağakişi qızı Həsənova Rusiya vətəndaşıdır: "Onun cənazəsi ailəsinin olduğu yerə göndəriləcək. Cənazənin Rusiyaya, yoxsa Azərbaycana göndəriləcəyi hələlik dəqiqləşməyib. Rəsmi sənədləşdirmə işləri davam edir".

* * *

İstanbulda yaşanan terror hadisəsi zamanı öldüyü deyilən və Nurlana Həsənova kimi təqdim edilən şəxs Azərbaycan vətəndaşı deyil.

Space TV-nin Türkiyə Təmsilçiliyindən BakiPost.az-a verilən məlumata görə, hadisə zamanı azərbaycanlı Günel Həsənova sol qolundan kəsilmiş yaralar, Rəşad Vəliyev isə güllə yarası alıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Məlumatda qeyd olunur ki, hadisə zamanı ölənlər arasında Natalya adlı Rusiya vətəndaşı var: "Çox güman ki, mətbuatda Nurlana kimi təqdim olunan xanım Natalyadır. Ol bilsin ki, cənazə Azərbaycana göndərilməsin. Çünki o xanım Azərbaycan vətəndaşı deyil. Ona görə də Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna cənazənin Bakıya aparılması üçün müraciət olmayıb. Əgər Rusiyanın İstanbuldakı Konsulluğundan icazə ala bilsələr, cənazəni apara bilərlər. Ümumiyyətlə, cənazələr rəsmi icazə verildikdən sonra ölkələrinə göndəriləcək"

Təmsilçilikdən o da bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu hadisə yaşanan vaxtdan etibarən mütəmadi olaraq həmvətənlərimizlə bağlı bütün məlumatları onlara çatdırır.

Xatırladaq ki, İstanbulda elit əyləncə mərkəzi "Reina”da terrorçu tərəfindən azərbaycanlı Nuranə Həsənovanın da güllələndiyi açıqlanmışdı. Hətta onun cənazəsinin bu gün dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol