Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq sahibi Tağı İbrahimov Azərbaycandan gedib. Bunu “Avesta Concern”nin rəhbəri, iş adamı Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) publika.az-a müsahibəsində açıqlayıb. O, Tağı İbrahimov uzun müddətdir Azərbaycanda görünməməsini səbəbləri ilə bağlı suala cavab olaraq deyib: "Artıq Tağı müəllim Türkiyədə özü biznesini qurub və işləyir. Onun burada da yaxşı biznesi var. Yaxın vaxtlarda isə yəqin ki, 1-2 yeni layihəsi də həyata keçiriləcək. Tağı ağıllı və işini sakitcə görən adamdır. O, Türkiyədə restoran tikdirib, o bizneslə məşğul olur.
Tağı televiziyadan çoxdan ayrılıb. Bir müddət çətin olsa da, ancaq insan hər şeyə alışır. Tağı və mən siyasi məsələlərdən uzağıq, bizim ambisiyalarımız yoxdur".
Qeyd edək ki, təxminən 2 il əvvəl - 2012-ci ilin mayın 14-də Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbərliyi tam şəkildə dəyişdirildi. Elə həmin vaxt ATV-nin prezidenti Tağı İbrahimov, habelə onun qardaşı, teleşirkətin vitse-prezident Natiq İbrahimov tutduqları vəzifədən kənarlaşdırıldılar.Eyni zamanda “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiliyi də İbrahimovlar ailəsindən alındı.
Ancaq qəribə də olsa həmin vaxt ATV-nin sabiq vitse-prezidenti Natiq İbrahimovl bu xəbərin həqiqətə uyğun olmadığını deyirdi: “Tağı müəllim təsisçilikdə qalır, bu xəbər yalandır”.
Sonrakı dövrdə də İbrahimov qardaşları israrla bu faktı təkzib edirdilər. Bu baxımdan Hacı İbrahimin açıqlaması məlum faktın təsdiqi kimi diqqəti cəlb edir.Tağı İbrahimovun Azərbaycandan getməsi, Türkiyədə biznes qurması isə onun ATV-nin əlindən alınmasından narazı qaldığını göstərir.
Vaqif
AzPolitika.info

Şərhlər