Səudiyyə Ərəbistanı isə “Avropanı neftsiz qoymarıq” mesajını verdi
“Avropa Birliyi separatçıların mayın 11-də Donetsk və Luqanskda keçirdiyi “referendum”un nəticələrini tanımır, bu aksiyanı qanuni və legitim hesab etmir”. Bu barədə Avropa Birliyinin mayın 12-də yaydığı bəyanatda deyilir.
Rusiyanın Ukraynanı parçalamaq cəhdlərini sərt tənqid edən Avropa Birliyi baş verənləri kremlin dünyaya meydan oxuyaraq beynəlxalq hüquq normalarını kobud şəkildə tapdaması kimi qiymətləndirir.
AB Ukraynanın ərazi bütövlüyünü, suverenliyini müdafiə etdiyini bildirməklə yanaşı, Rusiyanı növbəti dəfə Ukraynanı parçalamaq cəhdlərinə son qoymağa çağırır: “Avropa Birliyi Ukraynanın şərq və cənub-şər bölgələrində baş verən olaylardan ciddi təşviş keçirir. Separatçıların hökumət binalarının zəbt etmələri, insanları oğurlamaları, öldürmələri yolverilməzdir və dərhal dayandırılmalıdır. Biz Krım da daxil olmaqla Ukraynadan qopmaq haqqında “qərar qəbul etmiş” digər administrasiyaların mövqeyini tanımırıq, eyni zamanda Ukraynanın ərazi bütövlüyünün bərpası üçün dəstək verməyə hazırıq”.
Donetsk və Luqansk separatçıları isə mayın 12-də artıq “qələbə”ni qeyd etməyə başlayıb. Açıqlanan “səsvermə nəticələri”nə görə vətəndaşların 96 faizi ərazinin Ukraynadan ayrılmağa “hə” deyib.
AB ilə bərabər ABŞ adminstrasiyası, ATƏT də separatçıların hərəkətləri ilə bağlı açıqlama yayıb, Rusiyanın Ukrayna ilə bağlı bölücülük planlarını sərt tənqid ediblər.
AB Xarici İşlər Nazirləri Şurası Krımın ilhaqından sonra ərazidə qalan Ukrayna şirkətlərinə qarşı xüsusi sanksiyalar tətbiq edilməsinə qərar verib. Bundan sonra faktiki olaraq Rusiya şirkətləri olan həmin qurumların Avropa Birliyi ilə heç bir ticarət münasibətləri mümkün deyil. Bundan başqa həmin şirkətlərin Avropa banklarındakı vəsaitləri dondurulub, şirkətin hüquqi təmsilçilərinin Avropaya girişi yasaqlanıb.
AB-nin bu haqda açıqlamasında bildirilir ki, sanksiyalar Krım Rusiya işğalından azad edilənə qədər qüvvədə olacaq. Yada salaq, Ukrayna Krımın işğalı ilə ölkəyə 950 milyard qrivna ziyan vurulduğunu açıqlayıb.
Ərəb dünyasından da Ukraynaya dəstək təklifləri gəlməkdədir. Səudiyyə Ərəbistanı Rusiyanın dünya bazarında neft qıtlığı yaratması cəhdlərini önləmək üçün bazara çıxardığı neftin həcmini artırmağa hazır olduğunu açıqlayıb.
International Business Times bu haqda Səudiyyə Ərəbistanını neft naziri Əli əl-Nəimiyə istinadən xəbər yayıb.
Əli əl-Nəimi deyib ki, indi dünya neft bazarı yetərincə sabitdir və hər hansı radikal tədbirlərə ehtiyac yoxdur. Xəbərdə bildirilir ki, rusiyayanlı separatçılar Ukraynada bu məsələni xüsusi gərginlikdə saxlayırlar. Əli əl-Nəimi onu da deyib ki, Səudiyyə neftinin dünya bazarına daha iri həcmdə çıxarılması neftin satış qiymətinə də təsir edə bilər. Daha dəqiqi, Səudiyyə bu gün dünya bazarında 108 dollara satılan “Brent” markalı nefti 100 dollara təklif edir. Ölkənin neft nazirinin fikrincə, hər barrel üçün 100 dollar həm hasilatçılar, həm də alıcılar üçün yetərincə ədalətli qiymətdir.
Gün ərzində Donbasdan gələn həyəcanlı xəbərlərin ardı-arası kəsilməyib. Ukrayna qaynaqlarının yaydığı xəbərə görə, separatçılar şəhər və ətraf ərazilərdə etnik təmizləmələrə başlayıblar. Bu haqda Ali Radanın son sessiyasında “Azadlıq” blokunun lideri, prezidentliyə namizəd Oleq Tyaqnebok da həyəcan təbili çalıb. Onun sözlərinə görə, Rusiya hərbçiləri ilə separatçılar ukraynapərəstləri öldürür, onlara işgəncə verir, ərazidən qovurlar: “Əgər hökumət bu prosesini qarşısını ən qısa zamanda ən sərt hərəkətlərlə almasa, bu zorakılığın coğrafiyasının genişlənəcəyi şübhə doğurmur”.
Oleq Tyaqnebok hüquq-mühafizə orqanlarının, eyni zamanda digər güc strukturlarının tərkibində dərhal ciddi yoxlamalara başlanmasının vacibliyindən də danışıb: “Rusiya uzun illərdir Ukraynanın güc strukturlarında öz agentura şəbəkəsini yaradıb. Bu gün ölkədə baş verən olaylar bu şəbəkənin yetərincə güclü olduğunu göstərir. Biz separatçılıqla mübarizəyə bu məsələdən başlamasaq, Ukraynanın ərazi bütövlüyünün bərpası üçün problemlərimiz həddən artıq çox olacaq”.


Şərhlər