Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimi Etiraf Vəliyeva "AzPolitika.info" saytı vasitəsilə təhsil naziri Mikayıl Cabbarova Açıq məktub ünvanlayıb. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:
"Hörmətli Cənab Nazir!
Birinci yarım ilin sonuna artıq bir-iki həftə qalıb.Ötən tədris ilinin sonunda məktəbimizə pedaqoji təhsili olmayan Natavan Şıxova direktor təyin olunanda kollektivin böyük hissəsi onun səriştəsizliyini əsas gətirərək, narazılığını bildirdi. Ancaq rayon Təhsil şöbəsinin əməkdaşı bu etiraza məhəl qoymadı və onu direktor təyin etdilər. Sentyabr ayı gələndə isə direktor Natavan Şıxova bizi çağıraraq uşaqlardan "odun pulu", "tims pulu" və sinif jurnalına pul yığmağı tələb etdi. Biz "valideyinlərin şikayət edəcəyindən qorxuruq" deyib imtina etdik.
Onda direktor bizi hədələməyə başladı. Biz də bu qanunsuzluqla bağlı bir çox yerlərə, o cümlədən prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayətlər etdik. Cəlilabad Rayon Prokurorluğundan gələn şəxs əvvəlcə obyektiv araşdırma aparsa da, sonradan mövqeyini dəyişdi. Hətta izahat verən müəllimləri məktəbə çağıraraq izahatları dəyişməyə məcbur etdilər.
Dövlət qanunlarına inanaraq şikayət etdiyimizə görə, direktor özünə yaxın olan bir-iki qadın müəllimi toplayaraq, bizi müəllim adına yaraşmayan, etik davranış qaydalarından tamamilə uzaq, əxlaqa zidd ifadələrlə təhqir etdirməyə başladı. Şikayət edən müəllimlərin əmək haqqından qeyri-qanuni olaraq pul da tutdular.
İlin ən yaxşı məktəbi olan məktəbimiz sözün əsl mənasında xarabalığa çevrilib. Valideyinlərdən pul yığaraq odun, yanacaq alınması bir yana, odunu şagirdlərə doğradır. Təhlükəsizlik qaydalarına riayət edilmədən elə şagirdlərin özlərinə sobanı yandırtdırırlar. Anti-sanitariya baş alıb gedir. Məktəbin ərazisinə qonşuluqda olan evlərdən kanalizasiya suları və zibillər tökülür. Şagirdlər üçün ayaqyolu yoxdur.
Toz-torpaq içərisində olan siniflərə şagirdlər pul verməsələr təmizlənmir. Halbuki, dövlət hesabına soba yandırmaq üçün mövsümi işçi kimi "ocaqçı" və otuz beş xadiməçi götürüblər. Ancaq onların iyirmisi məktəbə gəlmir və maaş kartları direktorun cibindədir. Bunu hətta Natavan Şıxova da dolayısıyla təsdiq edərək bilrimişdi ki, maaş kartları onda yox, RTŞ müdiri Elminaz Nadirovadadır.
Bir-iki sinif istisna olmaqla, bütün siniflərdəki partalar, stol-stullar sınıqdır. Bu üzdən siniflərdə şagirdlər üç-üç otururlar. Son iki aydır məktəbdəki siniflərin çoxunda istilik yoxdur. Məktəbdə dərs keçmək və işləmək üçün heç bir şərait qalmamışdır. Tərbiyə işi demək olar aparılmır. Dəhlizdəki səslərdən sinifdə dərs demək olmur.
Rayon Təhsil rəhbərliyinə edilən şikayətlər isə qulaqardına vurulur. Məktəbin həmkarlar təşkilatının sədri müddətli müqavilə ilə işlədiyindən heç bir problemin həllində müəllimlərə kömək etmir. Məktəbdə adı və jurnalı olub özü olmayan siniflər və eyni zamanda müəllimlər var.
Ümüd edirəm ki, saytlar vasitəsilə etdiyim bu müraciətin Sizə çatmasının qarşısını ala bilməyəcəklər və Siz bu barədə lazımi tədbir görəcəksiniz.
Hörmətlə , Vəliyeva Etiraf Vəli qızı."
P.S. Məktubda göstərilənlərlə bağlı Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbinin direktorunun və digər aidiyyatı şəxslərin də mövqeyini işılandırmağa hazırıq.

Şərhlər