Menu

"Lavrov yadına salsın ki, Rusiya çeçen separatçılarına qarşı..." - Ədalət Partiyası 

18.01.2017, 00:04

lavrovRusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında Azərbaycan jurnalistlərinin “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualına belə cavab verib: “Bu artıq abstrakt məsələ deyil və Dağlıq Qarabağ münaqişəsi üzrə müstəsna olaraq Azərbaycanın daxili işi də deyil”.

Rusiya XİN başçısının bu fikri Azərbaycanda kəskin etirazla qarşılanıb. Ədalət Partiyasının bəyanatında da Lavrovun bu mövqeyi sərt tənqid olunub. Bəyanatda bildirilir:

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransı zamanı səsləndirdiyi "Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işi deyil bəyanatına Ədalət Partiyası olaraq etiraz edirik və bildiririk ki, Lavrov bu məsələyə münasibət bildirərkən iki şeyi unutmamalıdır.

Birincisi o, Ermənistanın yox, Rusiyanın xarici işlər naziri kimi Dağlıq Qarabağa dair fikir söyləyərkən, milli-irqi mənsubiyyətinə deyil, beynəlxalq hüquq normalara və tarixi faktlara söykənməlidir.

İkincisi bu tipli münaqişələrlə bağlı mövqe sərgiləyərkən, o, yadına salmalıdır ki, Rusiya dövləti öz suveren hüquqlarını çeçen separatçılarından qoruyarkən, məsələyə öz daxili məsələsi kimi yanaşaraq, hansı qətiyyətli addımlar atmışdır. O ki qaldı beynəlxalq təşkilatların bu problemlə bağlı qəbul etdikləri istər atəşkəs rejiminin pozulması ilə bağlı, istərsə Ermənistanın qəsbkar dövlət kimi zəbt olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmalı olması ilə bağlı sənədlərə, onların heç birində nə Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınır, nədə ki, bu məsələnin Azərbaycanın daxili məsələsi olması sual altına alınır. Erməni milləti iyirminci əsrin əvvəlində "öz müqəddəratını təyin etmə hüququndan" istifadə edərək, Azərbaycan torpaqları hesabına öz dövlətini yaratmışdır və onların bu gün yürütdükləri siyasət separatçı-terrorist hərəkatı kimi qiymətləndirilməlidir və Azərbaycanın bu cinayətlə mübarizəsinə onun daxili məsələsi kimi yanaşılmalıdır.

Ukraynanın Krım bölgəsini "tarixi ərazilər" adı ilə ilhaq edərək, beynəlxalq huquqa məhəl qoymayan Rusiyanın məntiqindən çıxış etsək, Azərbaycan nəinki işğal olunmuş torpaqlarını, hətta tarixi ərazilərimizi güc yolu ilə qaytarmağa məhkumdur. Cəmiyyətimizin dövlətə inamını bərpa edərək, milli həmrəylik yaradaraq, müqəddəs ərazi bütövlüyümüzün bərpasına nail olmalıyıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol