AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Nyu-York şəhəri Şərq dairəsinin Federal məhkəməsi, əhalisi əsas etibarilə müsəlmanlardan ibarət olan 7 dövlətin vətəndaşlarının bu ölkəyə daxil olmasının məhdudlaşdırılması barədə Prezident Donald Trampın fərmanının fəaliyyətini dayandırıb. Xəbəri «The Verge» nəşri yayıb.
Fərmanın fəaliyyətinin dayandırılması barədə şikayət, Nyu-Yorkun Con Kennedi aeroportuna gələn kimi saxlanılmış 2 İraq vətəndaşının adından, Amerika insan azadlıqları ittifaqı tərəfindən verilib. Onların hər ikisinin əlində viza olsa da, ABŞ-a gəlmələrinə icazə verilməyib. Onlardan biri - Hamid Halid Dərviş 10 il müddətində İraqda ABŞ ordusuna tərcüməçi işləyib. Saxlanılandan bir müddət sonra onu buraxıblar.
İkinci iddiaçı - Heydər Samir Abdulhaliq Əlşəvi, onun arvadı və oğlu da İraqda kontrakt əsasında ABŞ-a işləyib, hazırda isə Hyüstonda yaşayır.
Məhkəmə onların iddiasını təmin edib və əlində fəaliyyətdə olan viza ilə ABŞ-a gəlmiş bütün vətəndaşların ölkəyə buraxıla və burada qala bilmələri barədə qərar çıxardıb. Hüquqşünasların qiymətləndirməsinə görə, bu qərar ölkənin aeroportlarına gəlmiş 200 sərnişinə də aid edilir.
Bundan əvvəl Trampın fərmanı əsasında müsəlman ölkələrinin 27 vətəndaşının saxlanması və ya ölkədən çıxarılması barədə xəbər verilmişdi. Ardınca, Nyu-Yorkun Con Kennedi aeroportunda miqyaslı etirazlar başlanmışdı. Bununla belə, Prezident bəyan etmişdi ki, fərman «çox yaxşı» işləyir.
ABŞ-a girişin qadağan olunması 7 ölkənin vətəndaşlarına aid edilmişdi: İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmən.


Şərhlər