Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsindəki tunelə giriş yoxdur
2012-ci ilin sonunda Bakının Nərimanov rayonunda - Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı tunel istifadəyə verilmişdi. Mayın 17-i səhər saatlarında təmirə bağlanan həmin tunel bu yoldan istifadə edən sürücüləri olduqca çətin vəziyyətə salıb. Nəticədə həm Həsən Əliyev küçəsinin, həm də Atatürk prospektinin bu hissəsində tıxac meydana gəlib. Ərazidə olarkən Nəqliyyat Nazirliyinə məxsus Yolların Mühafizə İdarəsinin əməkdaşları “Yeni Müsavat”a bildirdilər ki, tunelin bağlanmasına səbəb vurulan üzlüklərin bəzilərini sıradan çıxması və tunelin işıq sistemində yaranan problemdir.
İş icraçıları bildirdilər ki, təmir işləri ilə bağlı tunel bir neçə gün bağlı olacaq.
Qeyd edək ki, bu tunel Nəqliyyat Nazirliyinin sifarişi əsasında “Akkord” tikinti şirkəti tərəfindən tikilib. Tunel Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planının təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı sərəncam əsasında inşa olunub. Tunelin açılışında prezident İlham Əliyev və nəqliyyat naziri Ziya Məmmədov iştirak ediblər.
O vaxt nazir Ziya Məmmədov prezidentə məlumat vermişdi ki, “Gənclik” metro stansiyasının ətrafındakı “Qələbə meydanı ” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin olunmasını nəzərdə tutur. Tikilən yeni yol qovşaqları sayəsində nazir qeyd etmişdi ki, “Qələbə meydanı ” adlanan ərazidə hərəkətin intensivliyi xeyli artacaq. Çünki, tikilən tunellər beynəlxalq standartlara uyğun layihələndirilib. Eyni zamanda tunelin 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub. Layihəyə uyğun olaraq ərazidə infrastruktur tamamilə yenilənib. Mövcud olan çoxsaylı kommunikasiya xətləri dəyişdirilib və daha müasirləri ilə əvəz edilib.
İnşaat işləri “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib. Tunelin elektrik və daxili işıqlandırma sistemini isə İtaliyanın tanınmış dizayn şirkətləri ilə birlikdə Azərbaycanın “Proqress kommunikotion” şirkəti layihələndirib və həyata keçirib. Buradakı işıqlandırma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş olan və yarımkeçirici diodlar əsasında işləyən ən müasir işıqlandırma sistemidir. Sistem kompüter vasitəsi ilə idarə olunur. Tunelin yan divarlarında kompüterlə idarə olunan yarlımkeçirici diodlar əsasında işləyən işıqlar quraşdırılıb. Tunelin tavanında quraşdırılan projektor isə bir necə rejimdə gündüz, gecə və qəza şəraitində çalışır. Hərəkət zolağında isə çoxlu sayda istiqamətverici işıqlar quraşdırılıb. Tuneldə fasiləsiz enerji təminatı məqsədi ilə generatordan istifadə olunur. Burada istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperatura davamlı olan materiallardan hazırlanıb.
Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki tunel nazir Ziya Məmmədovun dediyi kimi, heç də davamlı çıxmadı. Ərazidə apardığımız müşahidələr zamanı yolun asfalt örtüyünün bir çox yerində qabarmaların yarandığını, eyni zamanda tunelin divarlarına daş əvəzinə 70 faizi taxta qırıntılarından olan aqlayla üzləndiyinin şahidi olduq. Tunelin istifadəyə verildi ötən 6 ay ərzində elektrik sisteminin bir neçə dəfə sıradan çıxması, tunelin divarlarının uçması və bu yol ötürücüsünün bir neçə dəfə təmirə başlanması bunu deməyə əsas verir.
“Azəryolservis” ASC-dən isə bildiriblər ki, həmin tunelin bağlanmasına səbəb Həsən Əliyev küçəsinin asfaltlanması, orada təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır. ASC-dən bildirilib ki, tunlein özündə heç bir problem yoxdur, sadəcə maşınların Həsən Əliyev küçəsinə girişinin qarşısının alınması üçün tunelə giriş yoxdur.

Şərhlər